
Azərbaycan Prezidentinin əmri ilə Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində bəzi
postlarının sərhəd qoşunlarının xüsusi bölmələrinə verilməsi İrəvanda ciddi narahatlıq doğurub.
Ermənistanın hərbi və siyasi ekspert dairələri bu dəyişikliyi işğal olunmuş torpaqlarla bağlı
münaqişənin ölü nöqtədən tərpənməsi və qaçılmaz müharibənin ilk addım səsləri kimi
dəyərləndirməkdədir.
Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran siyasi ekspert Natiq Miri ordu dəyişikliyinin əsas
səbəbləri, Qarabağ müharibəsi ilə bağlı tutarlı ehtimalları dəyərləndirib.
- Azərbaycanın Qazax və Ağstafa istiqamətlərində bəzi postlara sərhəd qoşunlarını yerləşdirməsi
Ermənistanda ciddi təşviş doğurub. Ermənistan bunu müharibə siqnalı kimi qəbul edə bilərmi?
- Bu dəyişiklik Azərbaycanda müəyyən rahatlıq hissinin yaranması ilə bağılıdır. Daha dəqiq şəkildə desək,
Ermənistan ictimaiyyətində belə fikir formalaşıb. İrəvandakı hakimiyyət dəyişikliyindən sonra Azərbaycanda
əminlik formalaşıb və sərhəd qoşunları Qazax və Ağstafadakı cəbhə xəttinə yerləşdirib. Azərbaycanın bu
addımı Ermənistanda, həqiqətən də, əndişə yaradıb. Artıq Rusiya mediasında və siyasi dairələrdə bu
məsələyə diqqət yetirilir. Lakin ortada bir də Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması var. Bildirilir ki,
çox yaxın təmas nöqtələri olan sərhəd xəttində, əsasən, Müdafiə Nazirliyinin qoşunları yerləşdirilib. O yerdə
ki, sərhəddə, düşmənlə təmas xətti arasında iki kilometrdən artıq ərazi mövcuddur – burada təhlükəsizlik
baxımından nisbətən arxayınlıq var. Buna görə də bu mövqelər sərhəd qoşunlarına tapşırılıb. Lakin yenə də
Müdafiə Nazirliyi ağır hərbi texnika ilə qoşunlara dəstək verir.
Bir şeyi də diqqətdən qaçırmaq olmaz. Ola bilsin ki, bu dəyişiklik Azərbaycan Müdafiə Nazirliyinin manevri
olsun. Söhbət ondan gedir ki, təhlükə olmayan təmas nöqtələri arasında Müdafiə Nazirliyinin qüvvələri ilə
sərhəd qoşunlarının yerinin dəyişdirilməsi əvvəlki ordunun Qarabağa göndərilməsi üçün ola bilər.
Ermənistan düşünür ki, Azərbaycan qərb sərhədindən qoşunları geri çəkib Qarabağa istiqamətləndirməklə,
yaxın zamanlarda hərbi əməliyyatlara başlamaq niyyətindədir. Bu fikir Rusiya siyasətçilərində də formalaşıb.
Ermənistanda bu təşvişin yaranması, hər halda, təsadüfi deyil. Ancaq bu qorxunun Demokl qılıncı kimi
Ermənistanın başının üstündən asılması Azərbaycan adına sevindiricidir. Çünki Ermənistan hərbi
gücümüzdən qorxmasa, danışıqlar masasında ədalətli və güzəştli mövqe tutmayacaq. Azərbaycan bu cür
hərbi manevrlərlə, siyasi addımlarla daim yeni proseslər yaratmalıdır ki, Ermənistanı, Rusiyanı, ATƏT-in
Minsk qrupunu və Dağlıq Qarabağ münaqişəsində iştirak edən hər kəsi öz estafeti ardınca apara bilsin.
- Qoşunların yerinin dəyişdirilməsi, həqiqətən də, döyüş hazırlığı siqnalı ola bilərmi? Ermənistan bu
məsələni İkinci Qarabağ Müharibəsinin ilk addımları kimi dəyərləndirəcək?
- Əslində, Ermənistanda olan qorxu, təşviş bununla bağlıdır. Və bu, təsadüf deyil. Əlbəttə, bu cür manevrlər
hansısa hərbi əməliyyatlardan öncə aparılır. Bir cəbhədən müəyyən qüvvələri götürüb başqa cəbhəyə
yönləndirmək o deməkdir ki, Azərbaycan hansısa strateji qərarlar vermək ərəfəsindədir. Mənə elə gəlir ki,
orduların dəyişdirilməsi hansısa hərbi əməliyyatla bilavasitə bağlıdır. Bir detalı da gözdən qaçırmaq olmaz:
son həftələrdə dəqiq informasiyalar var ki, ABŞ-ın göstərişi əsasımda səkkiz təyyarə ilə Bolqarıstandan
Ermənistana hərbi sursat daşınır. Ən azından, bu informasiyanı gözardı etmək və küçümsəmək olmaz.
Azərbaycan da bu kontekstdə öz hazırlıqlarını görür.
- Qarabağ uğrunda müharibə başlayacağı təqdirdə, proses nə qədər müddət çəkə bilər?
- Əgər bütün cəbhələr boyu, sözün əsl mənasında, Qarabağ Müharibəsi başlayarsa, düşünürəm ki, bu
müharibəni uzun müddət davam etdirməyə lüzum qalmayacaq. Çünki Azərbaycanın bütün parametrlər üzrə
qüvvəsi düşmən ordusundan dəfələrlə üstündür. Müasirlik baxımından Azərbaycanın həm havada, həm də
quruda üstünlüyü artıqdır. Bu şəraitdə Birinci Qarabağ Müharibəsində olan proseslərin təkrarlanması
mümkünsüzdür. Burada ildırımsürətli, bütün düşmən pozisiyalarının darmadağın edilməsi ilə quru
19.12.2018 Ordumuzdan İrəvanı TİR-TİR TİTRƏDƏN ADDIM: Qısa vaxtda rayonlar azad ediləcək və...
https://publika.az/news_print.php?news_id=263527 2/2
qoşunlarının həmin mövqeləri dərhal ələ keçirməsini müşahidə edəcəyik. Düşünürəm ki, çox sürətli lokal
əməliyyatlarla bir neçə həftə ərzində torpaqların işğaldan azad edilməsi ilə başa çatacaq. Söhbət Dağlıq
Qarabağ və ətraf rayonlarının eyni anda azad edilməsindən getmir. Lakin qısa müddət ərzində bir neçə ətraf
rayonun düşməndən təmizlənməsi mümkündür. Çünki Rusiya başda olmaqla, dünya gücləri böyükmiqyaslı
müharibənin davam etməsinə imkan verməyəcək. Ona görə də Azərbaycana qısa müddət ərzində müharibəyə
başlamaq haqqı tanınacaqsa, ölkəmiz bu məhdud zaman çərçivəsində bir neçə strateji rayonu asanlıqla azad
edə biləcək. Bu da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılmış ən böyük addım olacaq. Bu cür
hərbi addım atılmadan Ermənistanın əsaslı güzəştlərə getməsini düşünmək özünü aldatmaqdan başqa bir şey
deyil.