
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub. Ermənistanda etiraz aksiyaları davam edir. ABŞ Konqresində Respublikaçı və Demokratçı bir qrup senator F-35 tipli qırıcı təyyarələrin Türkiyəyə satılmasını əngəlləmək üçün qanun layihəsi hazırlayıb. Cənubi Koreya və KXDR liderləri arasında görüş keçirilib.
Qarşı tərəfin təklifi əsasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı olub. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Məlumata görə, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair konvensiya və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqları müzakirə ediblər.
Prezident İlham Əliyev prezident seçkilərindən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etdi. Səfər zamanı ciddi müzakirələr aparıldı, ikitərəfli müqavilələr imzalandı. Azərbaycan liderinin prezident seçiləndən sonra ilk səfərini qardaş ölkəyə etməsi artıq ənənə halını alıb, lakin İlham Əliyevin Ankara səfərinə regiondakı proseslər fonunda baxanda fərqli mənzərə ortaya çıxır.
XEBERTV.AZ Publika.az -a istinadən xəbər verir ki, Ermənistandakı aksiyaların davam etdiyi bir vaxtda Əliyevlə Ərdoğanın təkbətək görüşdə nələri müzakirə etməsi İrəvanda narahatlıq yaradıb.
Ermənistan mediası Azərbaycan və Türkiyə liderlərinin İrəvanda xalq üsyanından istifadə edərək, Dağlıq Qarabağın azad olunması üçün hərəkətə keçə biləcəyini iddia edir.
Ermənistan müxalifətinin lideri, deputat Nikol Paşinyan president Armen Sarkisyan və Daşnaksütyun Partiyasının rəhbərləri ilə görüşüb. Ermənistan baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Karen Karapetyan isə Nikol Paşinyanla görüşdən imtina edib.
“Beynəlxalq hüquqa hörmət olaraq Rusiya Ermənistanın daxili işlərinə qarışmayacaq”. Bu haqda Ermənistanda keçirilən etiraz aksiyalarının lideri, deputat Nikol Paşinyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistanda hadisələr tamamilə daxili səbəblərdən qaynaqlanır.
Ermənistanın Respublika Partiyası və ya parlament baş nazir seçkilərində Karen Karapetyanın namizədliyinə səs verərsə, indiki siyasi böhran davam edəcək. Bu haqda müxalifətin lideri, deputat Nikol Paşinyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hakim Respublika Partiyası azad və ədalətli seçkiləri keçirmək vəziyyətində olmadığını artıq göstərib.
ABŞ Konqresində Respublikaçı və Demokratçı bir qrup senator F-35 tipli qırıcı təyyarələrin Türkiyəyə satılmasını əngəlləmək üçün qanun layihəsi hazırlayıb. Senatorlar buna səbəb olaraq rahib Endryu Kreyq Bransonun Türkiyədə həbsdə olmasını göstərib.
Qanun layihəsi Konqresə Ceyms Lankford, Ceyn Şahin və Tom Tillis tərəfindən təqdim edilib. Ceyms Lankford Türkiyə hökumətinə həssas texnologiyaların satılmasının son dərəcə riskli olduğunu vurğulayıb: “Türkiyənin strateji qərarları, təəssüf ki, gedərək sərhədini aşır və bəzən ABŞ-ın maraqları ilə əks istiqamətdə olur. Ayrıca, Türkiyə hökuməti getdikcə Rusiyaya yaxınlaşır və amerikalı din adamını siyasi müzakirələrdə fiqur olaraq istifadə edilmək üçün günhasız yerə həbsxanada saxlayır”.
Senator Tillis isə Türkiyəni iki ölkə arasındakı münasibətləri pozmaqda günahlandırıb.
“Rusiya S-300 hava hücumundan müdafiə sistemlərini Suriyaya deyil, İrana verir. Moskva bununla israillilər və iranlıları birbaşa qarşıdurmaya təhrik edəcək”. Bu haqda ABŞ-ın hərbi dəniz qüvvələrinin 1-ci dərəcəli kapitanı Harri Tabax bildirib.
O, Rusiyanın S-300 zenit-raket kompleksinin Suriyaya verilməsinə təəccübünü ifadə edib. Amerikalı zabitin sözlərinə görə, bu silahların birinci dərəcəli hədəfləri israillilərdir.
Əsas rəqiblərimiz olan Çin, Rusiya, Şimali Koreya, İran və ekstremist təşkilatların uzun mənzilli yüksək dəqiqlik göstəricilərinə sahib silahlar hazırlaması ABŞ-ın qabaqcıl qüvvələrinin bir çox bölməsini müdafiəsiz hala gətirdi. Bu sözləri ABŞ Dəniz piyadaları korpusunun komandanı general Robert Neller deyib.
Dəniz piyadaları korpusunun ölkə xaricindəki bazalarının bir çoxunun hücumlara qarşı kifayət qədər müdafiə imkanlarının olmadığını bildirən general bu amilin əməliyyat hazırlamaq və həyata keçirmək qabiliyyətini azaltdığına diqqət çəkib.
“ABŞ artıq dənizlərdə mütləq nəzarətə əsaslanan hərbi kontseptlərə tab gətirə bilməyəcək. Aviabazaların sürətli bərpa prosesini genişləndirməli və hava hücumundan müdafiə sistemlərimizi inkişaf etdirməliyik”, - general bildirib.
Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında görüş keçirilib. Görüş demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom yaşayış məntəqəsində baş tutub.
Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında baş tutan tarixi görüşdə iki dövlət arasındakı dəmiryollarının birləşdiriməsinin sürətləndirilməsi irəli sürülüb. Mun Çje İn bildirib ki, sürət qatarlarının fəaliyyətə başlaması iki dövlət arasında əlaqələri daha da yaxşılaşdıracaq: "Dəmir yollarını birləşdirməyi sürətləndirmək və sürət qatarlarını tezliklə hərəkətə buraxmaq lazımdır. Şimali və Cənubi Koreyanın birləşdirilməsini tezləşdirmək lazımdır".