
Bununla bağlı ardıcıl siyasət aparılır – İlham Əliyev
Beyləqan rayonunun inkişafına daim diqqət göstərilir, bu istiqamətdə işlər görülür, infrastruktur layihələri, sosial layihələr icra edilir. Misal üçün, indi Beyləqan rayonunda qazlaşdırmanın səviyyəsi 97 faizdir. Yaxın zamanlarda bu, 100 faizə çatacaq. Nəzərə alsaq ki, bir neçə il bundan əvvəl qaz təchizatı çox aşağı səviyyədə idi, bu, çox böyük göstəricidir. Bu gün fəaliyyətə başlayacaq yeni yarımstansiya Beyləqan rayonunun elektrik enerjisi ilə təminatını böyük dərəcədə yaxşılaşdıracaq və bu sahədə də heç bir problem olmayacaq.
XEBERTV.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan Olimpiya İdman Kompleksinin açılışında deyib.
“Bu gün yeni yolun açılışını qeyd etdik. Gələcəkdə bu istiqamətdə işlər aparılacaq ki, kənd yollarının təmiri, bərpası, tikintisi daha da geniş vüsət alsın. Bu günə qədər bir neçə layihə icra edilib. Bunlar daha da geniş miqyasda icra edilməlidir. 2016-cı ildə Beyləqan şəhərinin içməli su problemi öz həllini tapdı. İndi isə kanalizasiya sisteminin yenidən qurulması, təmizləyici qurğuların quraşdırılması prosesi gedir. Yəni bütün əsas infrastruktur layihələri icra edilir.
Sahibkarlığa dəstək göstərilir, güzəştli şərtlərlə kreditlər verilir. Beyləqanda üç aqropark yaradılıb. Vətəndaşlar orada çalışırlar, işləyirlər. Kənd təsərrüfatı müasir səviyyədə inkişaf etdirilir. Mənim göstərişimlə Azərbaycanın rayonlarında ödənişli ictimai işlər yaradılıb. Bu il ən azı 30 min ictimai iş yaradılacaq. Həm Bakıda, böyük şəhərlərdə, bütün rayonlarda, o cümlədən Beyləqan rayonunda yüzlərlə ödənişli ictimai iş yaradılıb ki, hələlik iş tapa bilməyən vətəndaşlar bu işlərə cəlb olunsunlar və maaş alsınlar”.
İlham Əliyev bildirib ki, rayonun inkişafı ilə bağlı ardıcıl siyasət aparılır:
“Əlbəttə ki, sosial infrastruktur da burada çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, Beyləqanda 140 çarpayılıq mərkəzi rayon xəstəxanası, bir çox məktəblər tikilmişdir. İndi mənə dedilər ki, Dünyamalılar kəndində yerləşən məktəb uyğunlaşdırılmış binadadır. O məktəbin tikintisi ilə bağlı göstəriş veriləcək. Gözəl Olimpiya Kompleksi yaradılıb, digər sosial obyektlər, Gənclər Mərkəzi fəaliyyət göstərir. Yəni bir sözlə, rayonun inkişafı kompleks xarakter daşıyır və əminəm ki, Beyləqan rayonu bundan sonra da yüksək nəticələr göstərəcək və vətəndaşlar burada qurub yaradacaq, ümumi işimizə töhfə verəcək”.axar.az