Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin
  • Portağallı qış çayı - RESEPT
  • 2018-ci il bu telefonların ili olacaq - FOTO
  • Sarkisyan onunla Azərbaycan dilində danışan erməniyə “Deyəsən, keçmiş üçün darıxmısan… Mən də Azərbaycanca bilirəm” dedi – VİDEO
  • “Heç bir normal insan bunun əleyhinə ola bilməz”
  • Bu nəqliyyat vasitələri gömrük idxal rüsumundan azad edildi
  • Güllələnən 8 azərbaycanlı general .
  • Sarı İt ili ən çox kimləri SEVİNDİRƏCƏK? - İllər üzrə 2018-ci ilin PROQNOZU
  • Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” – VİDEO
  • "Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin" - Millət vəkili
  • Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı
  • Şok! Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı
  • " Aİ-92" benzin bahalaşıb 1 manat olacaq - Ekspertlərdən xəbərdarlıq
  • Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilər
  • Dünyanın ən kiçik həbsxanası - FOTO
  • Elm adamlarından dəhşətli 2018-ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR
  • Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır
  • Qarakənd faciəsindən 26 il ötür
  • Azərbaycana 1 milyon yardım etmiş pakistanlı qadın - Həyat hekayəsi
  • Son günlərdəki zəlzələ silahlarla törədilib- SENSASİON AÇIQLAMA
  • Evimizdəki kiçik BOMBAların dəhşətli fəsadları - Batareyalardan gələn ölüm
  • Zimbabve prezidenti aclıq aksiyasına başladı
  • Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama
  • Bu qidaların girdiyi evə xəstəlik girmir
  • "WhatsApp”dan növbəti yenilik
  • İKİ QARDAŞ – İKİ İGİD, BİRİ QAZİ, BİRİ ŞƏHİD!

    24 Ekm 2017, 04:15   
        202
    İKİ QARDAŞ – İKİ İGİD, BİRİ QAZİ, BİRİ ŞƏHİD!



    Reyvə ana həyatın sınaqlarından üzü ağ çıxmaq üçün, bütün gücünü toplayaraq, gecə-gündüz, az istirahət etməklə artıq böyüməkdə olan üç oğul övladı üçün çalışırdı. Bu qarayanız, tək-tənha qadının əzmlə həyat mübarizəsini ətrafdan izləyən el-oba, qonum-qonşu, onun kasıb olmasına baxmayaraq, hətta ona həsəd belə aparırdılar. Hər dəfə kimsə ona, “ay Reyvə bacı, bir az az işlə, bir az səhhətinə də fikir ver” dedikdə, gülümsəyərək belə cavab verərdi.
    - “Mənim də işləməyimə ta az qalıb, daha qorxum yoxdu. Çox şükür Allaha, oğlanlarım böyüyüb, bir azdan üçü də arxam, dayağım olacaqlar”. Beləcə kasıb həyat tərzi ilə, kolxozda pambıq tarlasında işləyə-işləyə üç oğlunu elə, camaata hörmətlə, sevgiylə yanaşan, tərbiyəli övladlar kimi böyüdüb ərsəyə çatdırdı, Reyvə ana. Artıq bütün analar kimi o da, qəlbində övladlarının zamanı gəldikdə toy edib evləndirmək, kasıb komasına gəlin gətirmək arzusuyla yaşayırdı. Artıq böyük oğlu Rizvan və ortancıl oğlu Mərdan da Sovet Ordusunda xidmətə gedib baş ucalığı ilə xidmətdən qayıtmışdılar. İndi başqa bir zaman yaşanırdı. Sovet imperiyası son illərini yaşayırdı. Bütün hər yerdə hərc-mərclik baş alıb gedirdi. Belə bir vaxtda Reyvə ananın sonbeşiyi olan Qulam da Sovet Ordusuna xidmətə göndərilmişdi. Lakin hadisələrin başqa yöndə cərəyan etməsi, onun xidmətini yarımçıq qoyub, vətənə qayıtması ilə nəticələndi. Artıq 1992-ci ilin əvvələri idi. Qulam hərbi xidmətdən qayıdanda böyük qardaşı Rizvan artıq Qarabağın müdafiəsi uğrunda döyüşlərə qatılmışdı. Çünki, vətənin belə bir ağır anında qəlbində vətən sevgisi, yurd istəyi, yüksək vətənpərvərlik hissi olan heç kəs döyüşlərdən kənarda qala bilməzdi. Bu baxımdan Rizvan da elə ilk günlərdən Bərdədə yenicə yaranmış Bərdə özünümüdafiə batalyonuna üzv yazılmışdı. Batolyona Ələmşah Məmmədov komandirlik edirdi. O bu batolyonun tərkibində ilk döyüşə Ağdərənin Marağa, Seysulan,Yarımcan, Marquşavan kəndləri uğrunda gedən döyüşlərdən başlamışdı. Artıq bir neçə ağır döyüşlərə girib çıxmış, kifayət qədər də qorxmaz bir döyüşçü kimi tanınmışdı.
    1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin Xocalı faciəsini törətməsi hamını hiddətləndirmişdi. Artıq Sovet xidmətindən yarımçıq qayıtdığı, evə gəlişi bir ay yenicə tamam olmuş Reyvə ananın kiçik oğlu Qulam da bu məqamda evdə qala bilməyəcəyini və döyüşlərə qatılıb vətənə xidmət edəcəyini anasına açıq şəkildə söyləyir. Əlbətdə anası buna əvvəlcə bir neçə dəfə etiraz etsə də, onu yolundan döndərə bilməyəcəyini anlayıb, öz ana xeyir-duasını verərək, kiçik oğlunu da döyüşlərə yola salır. Qulam ilk döyüş yolunu 703 saylı hərbi hissənin tərkibində başladı. Bu ərəfədə böyük qardaşı Rizvanın döyüşdüyü batolyon dağıldığından o və silahadaşları 701 saylı hərbi briqadanın 5-ci taboruna keçirilmişdilər. Bu vaxta qədər dəfələrlə döyüşlərdə qəhrəmanlığı, qorxmazlığı ilə seçilən Rizvan taborun komandiri Tahir Cəfərov tərəfindən kiçik leytenant rütbəsi verilməklə 2-ci bölüyə komandir təyin olunmuşdu. İndi onlar Laçın rayonun yüksəkliklərini qoruyur, Hoçazdağ, Qırxqız,Dəvəboynu, Sarıbaba, Fərrac, Nürəddinkənd, Çilyaz yüksəkliklərində aylardır ki, düşmən hücumlarının qarşısını mərdliklə alırlar.Burada Azərbaycanın hər bir bölgəsindən yüzlərlə qəhrəman, igid oğlanları mərdanə dayanıb, düşmənə qarşı layiqli döyüş əməliyyatları aparırlar.Hocazdağdan işğal altında olan Laçın rayonunu nəzarətdə saxlayaraq düşmənə ağır zərbələr də endirirlər. Bu ərəfələrdə, yəni 1992-ci ilin noyabr ayında Rizvanın kiçik qardaşı Qulam da bu hərbi hissəyə, məhz qardaşının komandirlik etdiyi bölüyə keçirilr.O da artıq Laçın dağlarının müdafiəsi üçün döyüşlərə qoşulub. Beləliklə, iki qardaşın bir cəbhədən düşmənə qarşı şərəfli döyüş yolu başlayır. Qulam bölükdə sərrast atışlı qrantamyotçu kimi döyüşlərə gedirdi və elə bir döyüş olmazdı ki, o döyüşdə Qulamın qrantamyot hədəfinə düşmən texnikası düşməmiş olsun. Boyca çox balaca olan, az qala qrantamyotdan bir azca hündür olan bu qarayanız, dolu oğlan qəhrəmanlığı, qorxmazlığı sayəsində döyüş bölgəsində özünə düzgün mövqe seçərək sərrast atışı ilə onlarla düşmən texnikasını və canlı qüvvəsini məhv etmişdi. Artıq Qulamın adı bütün cəbhə boyu döyüşçülərin dilinin əzbəri olaraq hər tərəfə yayılmışdı. Demək olar ki, çox döyüşçülər onu sevərək ona oxşamağa, onun kimi qəhrəman döyüşçü olmaqla sevillmək arzusunda idilər. Bunu sonralar bir çox döyüşçülər özləri də etiraf edərək söyləyirdilər. Əslində Qulama yuxarı komandanlıq səviyyəsində də xüsusi hörmət və sevgi var idi.
    Bu ərəfələrdə bütün cəbhə boyunca ağır döyüşlər gedirdi. Ermənilər rus ordusunun köməkliyi ilə demək olar ki, bütün cəbhə boyu üstünlüyü ələ alaraq hücuma keçirdilər. Belə bir məqamda, yəni 1993-cü ilin mart ayının sonlarında, yüksək komandanlıq tərəfindən Laçın dağlarını qəhrəmanlıqla qoruyan bu hərbi hissəyə gözləniməz göstəriş verilir.Hərbi hissə təcili Laçın ərazisini tərk edərək,Kəlbəcər rayonu istiqamətində ermənilərə qarşı döyüşlərə başlamalıdır. Beləcə 701 saylı hərbi hissə yüzlərlə igidlərin qanı bahasına, aylarla qoruyub saxladığı, Laçın dağlarını tərk edərək, Kəlbəcər istiqamətinə yol başlayır. Burada isə vəziyyət çox gərgindir. Kəlbəcər demək olar ki,artıq işğal olmaq vəziyyətindədir. Hərbi hissələr arasında lazımı döyüş planları hazırlanmaqda çətinliklrə var.Dinc əhali Murovdağ yolu ilə Kəlbəcərdən çıxmağa yollar axtarır. 701saylı hərbi hissə də öz imkanalrı sayəsində həm dinc əhalinin oradan çıxarılmasına köməklik edir, həm də düşmənə qarşı döyüşürdü. Lakin bütün cəhdlərə baxmayaraq, kifayət qədər rus ordusu tərəfindən kömək alan, silahlanan erməni ordusu artıq aprel ayının 2-də Kəlbəcəri də işğal etdi.İndi Rizvangilin hərbi hissəsi Murovdağda yerləşərək düşmənlərə qarşı döyüşləri davam etdirirdi.İndi vəziyyət dah gərgin idi. Bu mənada cəbhə bölgəsinə yaxın olan ərazilərdə insanlar hadisələri daha yaxından duyub, vəziyyətin çox ağır olduğunu hiss edirdilər. Belə bir məqamı nəzərindən qaçırmayan Reyvə ananın evdə qalan ortancıl oğlu da, digər iki qardaşı kimi döyüşlərə getmək qərarına gəlir. Mərdan anasının bütün etirazlarına və hətta göz yaşları tökməsinə belə baxmayaraq torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qoşulur. O xidmətə 703 saylı hərbi hissəyə göndərilir. Qeyd edim ki, bu vaxtlarda Yeni Daşkənd kəndindən artıq 200-ə qədər gənc Qarabağ uğrunda döyüşlərin iştirakçısı idilər. Beləcə Reyvə ana hər gün üç oğlu ilə bərabər, bütün Azərbaycan əsgərlərinə bu şərəfli yolda uğurlar diləyərək, həyacan dolu, səksəkə dolu günlər yaşayırdı. Bir zamanlar üç oğlunu təkbaşına tərbiyə ilə böyüdüb el-oba gözündə uca sayılan Reyvə ana, indi nəinki elin, camaatın gözündə, həm də rayon rəhbərliyi səviyyəsində böyük hörmət və ehtirama malik olaraq, diqqətdə saxlanılırdı. Ancaq bunun da düz hesab olunmadığını nəzərə alan kənd ağsaqqalları və rəhbərlik ailənin bir oğlunun ananı saxlamaq üçün geri qaytarılmasını məsləhət bilirdi. Bu qanunla da belə olmalı idi. Bunun üçün evin son beşiyi olan Qulamı Murovdağdan geri qaytarmaq istəyirlər. Lakin Qulam buna qətiyyən razılıq vermədiyindən ailənin ortancıl oğlu Mərdanı döyüşlərdən geri çağırmalı olurlar. Qulam və Rizvan isə Murovdağda döyüşlərini davam etdirilər.
    1993-ci ilin dekabr ayının sonlarından etibarən 2-ci Kəlbəcər əməliyyatı hazırlanır. Rizvan və Qulamın xidmət etdiyi bu hərbi hissə də Kəlbəcərin azad olunması üçün yenidən döyüşlərə atılmışdır. Onlar 1994-cü ilin yanvar ayının ilk günləri ərzində çox ağır döyüşlərin iştirakçısı olmuşdular. O cümlədən onların qarşısında qoyulan əsas tələb Yanşaq kəndi və onun ətrafındakı Qızılqaya, Qara göl yüksəkliklərini, eləcə də Bağırsaq və Bağırlı kəndlərini azad etmək idi. (G.Ə.) Bu planla növbəti döyüş günü yanvar ayının 18-də Yanşaq kəndi uğrunda gedirdi. Güllə və mərmi səslərindən yer-göy lərzəyə gəlirdi. Sanki, dünyanın sonu idi. Bu dəhşətli döyüşdə, yanvar ayının 18-də 5-ci taborun 2-ci bölüyünün komandiri kiçik leytenant Rizvan ağır döyüş məqamında yaralanır. Yoldaşları dərhal ona ilk təcili tibbi yardım edərək geri çəkməyə nail olurlar. Bir anlıq danışmaq iqtidarında olan Rizvan əsgərlərindən onun yaralanmasını qardaşı Qulama bidirməmələrini xahiş edir. Döyüş o qədər şiddətli olur ki, komandirin, yəni böyük qardaşının yaralanması xəbərindən Qulam da xəbərsiz olur. Və təbii ki, bu xəbəri bilən silahdaşları da ondan gizli saxlamağa çalışırlar. Yanşaq kəndi uğrunda ağır döyüşlər isə davam edir. Artıq ayın 19-dur. Qulam tez-tez mövqeyini dəyişərək düşmən tərəfdən daha çox zərbə gələn istiqamətlərə qumbaratanla sərrast atəşlər açır. Budur, son qumbarası əlindədir. İndi o yenə öz mövqeyini dəyişərək növbəti sərrast atışı yerinə yetirəcək. Və belə də edir, o son qumbaranı düşmən istiqamətinə yönəldərkən, artıq saatlarla onu izləyən, onun atdığı qumbaralardan böyük itkilər verib hiddətlənən düşmənin hədəfinə tuş gəlir. Onu yalnız bu cür dayandıra biləcəklərini anlayaraq, snayper gülləsi ilə Qulamı nişan alaraq susdura bilmişdilər. Ancaq bu Qulam üçün susmaq deyildi, son deyildi. O, artıq vətən yolunda əbədiyyətə gedən bir yolun, şəhidlik yolunun yolçusu idi! Çox ağrılı bir durum yaranıb. Qulamın ölüm xəbəri bütün cəbhə boyu, tez bir zamanda hamıya çatır. Qulamın itkisi hər kəs üçün çox üzüntülüdür! Bütün hərbi hissə üçün böyük itkidir Qulamın itkisi! Həm də ağrılı odur ki, bir gün öncə böyük qardaş, bölük komandiri kiçik leytenant Rizvan yaralanaraq, ağır vəziyyətdə arxa cəbhəyə, Gəncə qospitalına göndərilib, kiçik qardaş Qulam isə bütün bunlardan xəbərsiz halda şəhid olur. Hər iki igid əsgəriylə, hər iki qardaşla bağlı yaranmış bu ağrılı hal üçün çox məyus olan 5-ci taborun komandiri Gəray Əsədov şəhidin döyüş yoldaşlarından bir neçəsini ayırıb, onu döyüş bölgəsindən çıxararaq arxa cəbhəyə, ailəsinə, elinə, obasına, doğulduğu Yeni Daşkənd kəndinə çatdırılmasını təşkil edir. Hələ səhər saatlarıdır, axşamadək şəhidin cənazəsi Bərdəyə çatdırıla bilər, nəhayət bu Qulamın anasının hüzuruna son dönüşü olur. Reyvə ana isə dünəndən Gəncə qospitalına yerləşdirilmiş oğlu Rizvanın yaralanması xəbərini səhər tezdən eşidib və dərhal da əli ilə dizinə, başına döyə-döyə doğmalarla, kəndin rəhbərləri, ağsaqqalları ilə üzü Gəncəyə tərəf çoxlu sayda maşın karvanı ilə yol gedirlər. Bu o zamandır ki, elə bu anlarda Qulam düşmən gülləsinə tuş gəlib. Bundan isə hələ heç kimsənin xəbəri yoxdu. Gəncə qospitalında Rizvanın artıq əməliyyatdan çıxdığı və durumunda ölüm qorxusu olmadığı yəqin olur. Ana ürəyi bir az toxtaqlıq tapır, Allaha şükür edir. Ancaq yenə içində onu narahat edən hansısa bir qüvvə olduğunu duyur. Sanki ürəyinə nəsə damıbmış kimi, Qulam haqda məlumat öyrənmək istəyir. Lakin bu haqda məlumatı olan bir kimsə yoxdur. Yanvar ayının 19-dur. Artıq axşam saatlarıdır. Reyvə ana yol boyu gah böyük oğlu Rizvanın yaşamasına şükr edir, gah da kiçik oğlu Qulama heç nə olmasın deyə, Allaha dua edərək doğmalarla Gəncədən Yeni Daşkəndə qayıdırlar. Bu anlarda isə Yeni Daşkəndə, Reyvə ananın ocağına heç kimin gözləmədiyi ikinci bir “yolçu” dəstəsi gəlir. O yolçu dəstəsi ki, nəinki Reyvə ananı, bütün eli, camaatı, kəndi və nəhayət hər kəsi üzəcək, hər kəsi göz yaşlarına boğacaq. Reyvə ana yenicə evinə çatıb, başına yığılmış el-obaya, qohum-qonşuya oğlu Rizvanın səhhətinin yaxşı olduğunu çatdıraraq, Allah şükr etdiyi bir məqamda, Gəncə qospitalından Reyvə ana ilə bərabər qayıtmış kəndin rəhbəri Məhərrəm Əliyev rayon rəhbərliyinin nümayəndələri və bir qrup hərbiçi ilə həyətə girir. Reyvə ana da, hər kəs də elə zənn edir ki, yəqin gələnlər oğlu Rizvanın yaralanması xəbərini eşidib gəliblər. Ancaq gələn insanların baxışlarında qeyri üzüntünü duyan ana, yenə Rizvanla bağlı narahat olmağa başladı. Düşündü ki, yəqin onun yanından qayıtdıqdan sonra vəziyyəti ağırlaşıb. Kənd rəhbəri Məhərrəm Əliyev kövrək və duyğusal adam olduğundan qeyri-ixtiyari olaraq Reyvə ananın qarşısında göz yaşlarını saxlaya bilmir. Hamı təşviş içində nə baş verdiyini anlamağa çalışırdı. Kimsə nəsə deyə bilmirdi. Reyvə ana gah Məhərrəm Əliyevə, gah da onunla gələn qonaqlara, hərbiçilərə üzünü tutub ağlayaraq nə baş verdiyini öyrənmək istəyirdi. Beləcə dəqiqələr ötürdü, dəqiqələr ötdükcə həyacan artır, pıçıltılar çoxalırdı. Artıq Qulamın şəhid olması və yaxın saatlarda cənazəsinin gətiriləcəyi gizlin-gizlin danışırılırdı. Hamı heyrət içində idi. Bir zamanlar hamının qibtə etdiyi bu ana, indi ard-arda oğul üzüntüsü yaşayırdı. Hələ el, camaat bir oğlunun yaralanaraq sağ qalmasına görə göz aydınlığı verməyə imkan tapmamış, cəmi bir gün belə keçməmiş kiçik oğlunun şəhid olması xəbərini eşidirdi. Bu çox dəhşətli idi. Bu bir ana üçün dözülməz idi. Qısa bir zaman içində Reyvə ananın kasıb evi bir müqəddəs ocaq kimi insanların əhatəsində görünməz olmuşdu. Bütün el-oba, ətraf kəndlər belə Qulamın şəhid olmasını, cənazəsinin gətirildiyini eşidib, bu qapıya axışırdı. Nə Reyvə ana, nə Yeni Daşkənd hələ belə izdiham görməmişdi. Bu izdihamın arasında Reyvə ananın yanıqlı səsi, naləsi, ana fəryadı tam aydın olaraq seçilir, duyulurdu... Birdən izdiham tam sakit bir an yaratdı və izdiham sanki kiminsə göstərişi ilə ikiyə bölündü, yol açıldı. Budur, döyüş yoldaşlarının çiynində, üçrəngli Azərbaycan bayrağı ilə örtülmüş bir cənazə qapıya yön alır. İlahi bu nə ağır məqamdır. İlahi bu naləyə insan necə dözərmiş? Reyvə ana ilə bərabər bütün analar Qulamı öz doğma balası təki dil deyib ağlayırdı. Bu anda ağlamayacaq kimsə yoxdu. Bu igidə bütün el ağlayırdı. Anaların dilindən səslənən “əlin qurusun ay yağı, yurdun dağılsın ay yağı” kəlmələri ürəkləri oyurdu. Bu an artıq Reyvə ananın qəlbi dözməyərək bayılmışdı. Hamı qışqırır, “həkim, həkim gəlsin”. Bir az sonra özünə gələn Reyvə ana oğlunun cənazəsini qucaqlayaraq sanki çoxdan bilmiş olduğu bir yanıqlı bayatı söylədi:
    Eləmi qoçaq balam,
    Düşmənə bıçaq balam.
    Məni qoyub gedirsən,
    Qoy açım qucaq, balam,
    1994-cü ilin yanvar ayının 19-dan 20-ə keçən soyuq və üzüntülü qış gecəsini kənd camaatı ayaq üstə, Reyvə ananın qapısında açdı. Bu gün Qulam dünyaya göz açdığı doğma Yeni Daşkəndində, kənd qəbiristanlığında əbədi olaraq, uğrunda döyüşərək canını fəda etdiyi torpağa tarşırılacaqdı. Bu gün minlərlə insan, qoca, cavan, qadın, kişi, bütün məktəblilər, şəhid Qulamın igidliyindən həm qürur hissiylə danışaraq, həm də köks ötürərək silahdaşlarının atdığı yaylım atəşləri altında onu dəfn etdilər. Şəhidin dəfnindən sonra getməyib, məzarı üstündə saatlarla çıxış edən, Qulam haqda öz yüksək fikirlərini bildirən el ağsaqqalları, ziyalılar, döyüş yoldaşları onun cürətindən, mərdliyindən, düşmənin saysız-hasabsız texnikasını məhv etməsindən, göz yaşlarına boğularaq ürək dolusu danışırdılar. Bu çıxışlar qəhrəman şəhidimizə olan böyük sevgidən irəli gəlirdi.
    Qulamın məzarı üstündə el ağsaqqalı rəhmətlik Fəzi kişinin, Novruz Musayevin, Mehdi Hacıyevin, bütün səngərləri gəzib, əsgərlərlə həmsöhbət olan, vətənpərvər şair Sərraf Şiruyənin şəhidimizlə bağlı dəyərli çıxışları bu gün də yaddaşlarda qalmaqdadır. Sərraf Şiruyənin elə həmim gün Qulama həsr etdiyi şeiri bu gün də bütün məktəblilərin dilində əzbər olaraq söylənməkdədir.
    Qeyrətin bir elə baş ucalığı,
    Cürətin düşmənə heyrət gətirdi.
    Hünərin vətənə zəfər sorağı,
    Məzarın torpağa ziynət gətirdi.
    Vətən harayladı – ümid, inamım,
    Torpaq harayladı, – gəl qəhrəmanım.
    Hər döyüş addımın igid Qulamım,
    Böyük bir mahala şöhrət gətirdi.
    Sən ölmədin, sən ölümü öldürdün,
    Bu millətin qüdrətini bildirdin.
    Düşmənlərə çox zərbələr endirdin,
    Qeyrətin bu elə şəfqət gətirdi.
    Heç zaman unutmayacağımız bir el qəhrəmanını beləcə el ilə birlikdə əbədiyyətə yola saldıq.
    Bəs şəhidimizin böyük qardaşı, yaralı halda qospitalda yatan Rizvanın taleyi necə oldu? Bəs Rizvan nə vəziyyətdədir? O artıq azacıq da olsa belə özünə gəlibsə, qardaşının, həm də əsgərinin şəhid olmasından xəbərdarmı? Bu dəfn mərasimi müddətində ona, onun yanına gedib gələnlər bu haqda məlumat veribmi? Və ya o Qulam haqda, onun necə olduğu haqda soruşubmu? Bu suallara cavab tapmağa çalışacağıq əlbətdə. Bunun üçün isə yenidən keçmiş tarixə qayıdaq.
    Rizvanın durumu, səhhəti günü-gündən yaxşılığa doğru gedir. Artıq yarası onu o qədər də çox narahat etmir. Onu narahat edən yalnız cəbhədki vəziyyət, döyüş yoldaşları və qardaşı Qulamın necə olmasıdır. Artıq Qulamın şəhid olmasından beş gün keçib. Reyvə ana yenə doğmalarla, kənd ağsaqqalları ilə Gəncəyə – Rizvanın yanına gəliblər. Hələ dünəndən hamı Reyvə ananı, Qulamın ölümünü Rizvana bildirməmək üçün möhkəm olmağı, ağlamamağı xahiş edib, tapşırıblar. Ana ürəyi dünyada ən saf, ən pak ürəkdir. Elə oğlunu qucaqlamağı ilə kövrəlib ağlamağa başlayan Reyvə anaya hamı “niyə ağlayırsan daha” deyə irad tutarkən, o, “ Rizvanın sağalmasına sevinib ağlayıram” deyib bir daha hönkürtü ilə ağladı. Hərə bir tərəfdən söz salıb fikri yayındırmağa çalışdılar. Bu alındı da. Rizvan nə isə qeyri bir xoşagəlməz hadisə baş verdiyini duymadı. O həqiqətən də anasının ağlamasını, elə anasının dediyi kim də qəbul etdi. Yanına gələn hamı ordan-burdan söz salıb xoş bir söhbət yaratmağa cəhd edirdilər, hərdən hamı gülüş yaradan hansısa keçmiş hadisəni söyləyib gülürdülər. Ancaq anasının heç gülməyib, kədərli durmasını nəzərdən qaçırmayan Rizvan, nəhayət ondan nə üçün belə fikirli olduğunu soruşdu! Yazıq arvad bir an nə cavab verəciyini belə bilmədi. Birdən sanki, həqiqətən olmuş kimi bir hadisəni, onun sualına cavab kimi Rizvana söyləməyə başladı:
    – Bəs bilirsənmi, ay Rizvan, o ağ düyəmiz varıydı haa, kasıb vaxtımızda bizi qatıq-südü ilə doyuzdurardı, bax onun cüt balası olmuşdu, bir həftədi onun bir balası ölübdü, indi anası o gündən mələyə-mələyə qalıb, heç yadımdan çıxmır o!
    Rizvan bu inandırıcı söhbətin həqiqətən də ağrılı olduğunu duyub anasının buna kədərlənməsinə həm haqq qazandırdı, həm də dedi ki, – “ay ana, canın sağ olsun, qoy müharibəni qurtaraq, üç oğlun var hərəsi sənin qapına bir inək alacaq, hər şey yaxşı olacaq, qəm eləmə”. Sonra Rizvan, sanki yuxudan ayılmış kimi, birdən, yanına gələnlərdən Qulamı soruşdu. “Qulamdan, uşaqlardan nə xəbəriniz var, Qulamın evə gəlmək xəbəri varmı, ya bir xəbər göndəribmi?” – deyə soruşdu.
    Həmişə dilli-dilavərli, yüksək vətənpərvərlik hissiylə danışan, ürəyi el ilə döyünən kənd rəhbəri Məhərrəm Əliyev dərhal Rizvanın sualını gülə-gülə cavablandırdı. – “Ayə Qulamın qadasın alım, xəbər göndərib ki, qardaşım Rizvanın qanını bu mundar ermənilərdən alıb gələcəm, halaldı ona anasından əmdiyi süd, Qulam bir oğuldu, mərd oğuldu”. Məhərrəm Əliyevin bu sözlərindən Rizvanın da qardaşı ilə qürurlandığı hiss olundu. Artıq bir kövrək an yarandığını duyan, hər şeyin bir anda korlana biləcəyindən ehtiyatlanan rəhmətlik İsmayıl kişi, tez – “artıq getmək vaxtıdır” deyə ucadan səsləndi. Hamı Rizvana bir daha heç nə hiss etdirmədən onunla görüşüb ayrıldı. Rizvanla qospitalda el ağsaqallarının, kənd rəhbəri ilə doğmalarının növbəti görüşünün biri də şəhid Qulamın yasının 37-ci günü oldu. Bu günlərdə Rizvan sağalmağa çox yaxın idi. Görüşə gələnlər yenə Rizvana heç nəyi bildirməməli idilər. Gizlin şəkildə baş həkimdən alınan razılıq əsasında belə qərar gəlirlər ki, Rizvan həm yuyunmaq üçün, həm də bir az da kənd camaatının istəyi ilə bir neçə günlüyə kəndə getsin. Bu əlbətdə Rizvanın da ürəyincə idi. Beləliklə fevral ayının 27-də, Qulamın 40 mərasiminə cəmi iki gün qalmış, günorta saatlarında Rizvan heç nədən xəbərsiz halda, doğmalarla Yeni Daşkəndə, öz evlərinə gələsi olur. Artıq dünəndən Qulamın 40 mərasimi üçün mağar da qurulub, hazırlanıb. Rizvan hələ maşından düşməmiş, qapılarında qurulmuş bu mağarı görərkən bir anlıq yerndəcə donub qaldı və dərhal da qapıda onun qarşısına gələn anasına üzünü tutaraq yüksək və həyacanlı səslə – “bu nə mağardır” deyə soruşduqda, artıq özünü hıçqırmaqdan saxlaya bilməyən Reyvə ana, – “bu mənim körpə balamın, sənin kiçik qardaşının, gözəl Qulamın mağarıdır” deyərək, ildırım vurmuş palıd ağacı təki yerə yıxıldı. Hələ də nə baş verdiyini düz-əməlli anlamayan Rizvan dizləri üstə yerə çökərək, bir qolu yaralı, həm də sarıqlı olduğundan, tək əli ilə anasının başını yerdən qaldırıb qucaqlayaraq qeyri-ixtiyari hıçqıra-hıçqıra ağlamağa başladı. Bu acı mənzərəyə, bu naləyə, bu fəryada ətrafda biganə qala biləcək kimsə yox idi. Hamı göz yaşları içində, ana-balanın sarmaşıq təki bir-birini qucaqlayıb “Qulam, Qulam” deyə ağlamasını izləyirdi. Həyat sanki bir anda Rizvan üçün tamam başqa bir mənzərəyə döndü. Anidən anasını buraxıb ayağa qalxan Rizvan, bir anlıq ətrafı diqqətlə və sakit baxışlarla seyr etdikdən sonra, dərhal da, sanki havalanmış təki qaçaraq həyətdən çıxdı. Onun fikrinin nə olduğunu artıq hamı anlamışdı. O, şəhid qardaşının, əziz qardaşının məzarı üstünə qaçırdı. Onu qaça-qaça çəkib aparan qardaş sevgisi, qardaş məhəbbəti o qədər güclü idi ki, yaralı olmasına baxmayaraq, heç kəs onu saxlaya bilmədi. Uşaqlığı bir evdə keçib, bir ana qoynundan pərvazlanıb, böyüyüb, bir vətənin səngərində düşmənə qarşı bir döyüşüb, demək olar ki, bir gün zamanında biri yaralanıb, biri də şəhid olan bu iki qardaşın cismən görüşləri mümkün olmayan bu qəbirüstü görüşünü Tanrı heç bir qardaşa qismət etməsin. Bəlkə o gün o nalə səsinə, o yanğıya, o fəryada məzarlardakı ruhlar da narahat idilər. Bir igidin naləsinə, harayına bütün bir el yığılmışdı. Zaman çox yeyindir, vaxt çox sürətlə ötür və zaman bizi hər şeyə öyrədir, alışdırır, uyğunlaşdırır. Dünən qəbul edə bilmədiklərimizi, bu gün çox sakit şəkildə xatırlamalı oluruq. Amma unutmuruq, heç zaman unuda bilmirik. Çünki, o acıları biz yaşamışıq, əzizlərimiz üçün yaşamışıq. Heç unutmağa da haqqımz yoxdur. O mənada haqqımız yoxdur ki, hələ qarşıda bizi sonu zəfərlə sonuclanacaq böyük mübarizə gözləyir, ağır müharibə, gərgin bir savaş gözləyir! O müharibə ki, bu vətənə, bu torpağa, Qarabağa azadlıq gətirəcək! O savaş ki, qazanılacaq zəfərlə, qələbə ilə bu torpaq uğrunda şəhid olan oğullarımızın ruhu şad olacaq! Bu gün fiziki sağlamlığını itirən Rizvan və o timsalda minlərlə Azərbaycanın vətənpərvər oğlu yenidən döyüş meydanına atılacaq, silahla öz sözünü düşmənə deyə biləcək. O savaş ki, Azərbaycanın üçrəngli bayrağını Qarabağın bütün hər bir guşəsində dalğalanmasına şərait yaradacaq! O savaş ki, dünyaya Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, Azərbaycanın tacı olduğunu sübut etdirəcək!
    Yaşasın Azərbaycan! Yaşasın Azərbaycanın qəhrəmanları!
    Aqşin Hacızadə
    loading...