
BAKI-XEBERTV.AZ
YANIQLI SÜRÜCÜ
Bir qocaman taksi sürücüsünün sərnişini idim. Kişinin ürəyi çox dolu idi. Hiss olunurdu ki, bu qəlbi yanıq sürücü saatlarla danışsaydı da yorulmaq bilməzdi? Nədən və nələrin əlindən yanıqlı olduğunu qısaca da olsa sizlərə ərz eləmək fikrinə düşdüm. Sürücü içindən qaynayan bir həvəslə yol polislərindən danışırdı. – Bilirsiniz xanım, bir vaxtlar yol polisləri tam başqa cürdülər ey. Adamı başa düşürdülər. Bir yol polisi vardı. Adına Qara Kapitan deyərdilər. Bilmirəm indi sağdı, yoxsa dünyasını dəyişib. Yəqin ki dəyişmiş olar, indiyə qalmaz. Dəyişibsə, Allah ona rəhmət eləsin! Nədən ki, kişi hamının hörmətini qazanmışdı. Bax, heç hindi də yadımdan çıxarda bilmirəm rəhmətliyi. Bu yol polisinə 10 manat uzadırdın, sənə hələ bir zdaçı də qaytarırdı. Yəni pulun qaliğını. – 9 manat. Deyirdim, - rəis. qoy qalsın ayıbdır. Deyirdi, - kişi halallıq yaxşı şeydir. 1 manat cəriməndir, onu da alıram. Sür maşınını, yaxşı yol. Ala, hindiki bəzi yol polisləri heç 50 manata qane olmur. Atam balası, bu qədər də cərimə olar?
Elə bu zaman bir CİP qəfldən sürücünü çaşdırdı. Kişini yenidən od götürdü. – Atam balası, gördün? Gör bir neylədi? Ade, sürə bilmirsən sürmə də bu şoğeribi? Ay bu idarə etmə avtomatını çıxardanın atabaatası gorbagor olsun! Avtomat çıxardıb, saldı başımızı bəlaya. Hindi, maşın sürə biləndə sürür, sürməyən də. Xanım qız, vallahi, sürücülük vəsiqəsi almaq üçün, 5 dəfə imtahan vermişəm. Bir suala düzgün cavab vermədin, oşibka elədin vəsiqə ala bilməzdin ki. Hardasınız, ay keçmişin kişiləri?! Adə kişilər vardı ey, kişilər! Vəzifəsi olanın da, olmayanın da insanlığı vardı. Hamı bir-birini anlayırdı... Hindi nə qanırlar, nə də ki, qandırırlar. Deyirlər ki, -Burda mənəm, Bağdadda da ki, nəydi o kişinin adı? Hə, yadıma düşdü Kor Xəlifə!
Esmira ŞÜKÜROVA.