Xəbər lenti
Axtar
30 Eki 2020, 07:33   
    46


Qurbanovdan SƏRT REAKSİYA: "Başlarına dəysin..."

Qurbanovdan SƏRT REAKSİYA: "Başlarına dəysin..."
“İlk növbədə Türkiyənin Cümhuriyyət bayramını təbrik edirəm. Bütün türk xalqının daha möhkəm olmağını arzulayıram”.

XEBERTV.AZ xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”la oyun barədə danışarkən deyib.

İspaniya təmsilçisini İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda qəbul edən Azərbaycan çempionu meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

Qurbanov matçdan sonra təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Futbolçularımdan razı qaldım, hər birinə təşəkkür edirəm. Həqiqətən də, çox təcrübəli, texniki cəhətdən sürətli komandaya qarşı oynadıq. Düşündüyümüz oyundan əl çəkmədik, onu sona qədər qorumağa çalışdıq. Ustalıq fərqi var, onların oyunçularının dəyəri bizdən qat-qat yüksəkdir. İkinci hissədə də bir az yorulduq. Bizim oyunçu sarıdan problemlərimiz var. İkinci hissədə müdafiədə dəyişikliklər etməli idik, amma edə bilmədik. Buna baxmayaraq, komandamız oyun nizam-intizamından əl çəkmədilər. Belə rəqiblərə qarşı hər bir oyun bizim üçün böyük təcrübədir”.

- Bu gün sizi sevindirən üç detalı deyə bilərsiniz?

- Birincisi, ev oyunumuzu evimizdə, İstanbulda oynadıq. İkincisi, stadionu qeyd etmək istərdim. Azarkeşsiz olsa da, ab-hava xoş idi, arxamda çoxlu sayda azarkeş səsi eşidirdim. Az olsalar da, dəyərləri yüksək idi. Bu da futbolçularımıza böyük ruh yüksəkliyi verdi, Üçüncüsü, nəticənin daha yaxşı olmasını istərdik. Bəzi oyunçuların hazır olmaması məni məyus etdi. İstənilən halda oyundan razı qaldım.

- Bu gün "kaş" deyib, nəyə təəssüfləndiniz?

- Belə şeylərə elə də önəm vermirəm. Hər bir məşqçi əlindəki oyunçuların sağlam olmasını istəyər. 5 dəyişiklik imkanı verilir, ancaq bu gün istədiyim kimi əvəzetmə edə bilmədim. Rəqib isə istədiyi əvəzetmələri etdi. Kaş oyunçuların hamısı sağlam olardı.

- Sanki matçın sonuna yaxın hakimə nəsə deyirdiniz?

- Bilmirəm nə dərəcədə düzgün olar, amma görünən odur ki, çexiyalı hakimlər Azərbaycanla yola getmir. Oyunun əvvəlində iki sarı vərəqə göstərildi. Belədə futbolçu ehtiyatlı oynamalı olur. Hakimlər də belə anlarda səbrli olmalıdır. Bir neçə epizodda onların da oyunçusuna sarı vərəqə verməli idi. Penalti epizoduna gəlincə, belə oyunlarda bu cür penalti verilirmi, bilmirəm.

ƏTRAFLI
Snickers
- Belə bir məlumat yayılıb ki, "Matc TV"də "Qarabağ"ın oyunlarının canlı yayımlanmasına qadağa qoyulub. Kanalın direktoru ermənidir. Bununla bağlı fikirlərinizi bildirərdiniz.

- Onlardan başqa nəsə gözləmək də düzgün olmaz. Düşük fikirlərdi. Başlarına dəysin, bizə lazım olmayan şeylərdi. Azərbaycanda, Türkiyədə istədiyimizdən də artıq oyunlarımızı göstərirlər. Onların göstərməsi lazım da deyil. Onlar barədə heç danışmaq da istəmirəm.

- Rahil Məmmədov hazır deyil, yoxsa zədə ona psixoloji təsir göstərir?

- Rahilə bir söz deyə bilərəm: Əhsən. Yanvardan bəri heç bir oyuna çıxmamışdı. "Zirə" ilə görüşdə də yaxşı çıxış etmişdi. Bu gün də 90 dəqiqə ərzində bir neçə epizodu çıxsaq, səhvsiz oynadı. Onun oyunu məni çox razı saldı. Bu oyun da onun üçün böyük təcrübə oldu.

- Qrupun ən güclü komandası ilə ilk hissədə başabaş çıxış etdiniz. Bu amil qalan matçlarda hədəflərinizi yüksəltməyə kömək edəcəkmi?

- Bu gün Bakıda qayıtmalı, iki gündən sonra oyun keçirməli, ardından "Sivasspor"la görüşə yollanmalıyıq. Bu təqvim bizə mane olur. İnanıram ki, zədəli oyunçular sağalacaq, rotasiyalar edə biləcəyik. Biz daim baxımlı oynamağa çalışırıq, bundan əl çəkməyəcəyik. "Sivasspor" bu gün uduzdu. Onlarla oyun hər iki komanda üçün vacib olacaq. Sivasdakı qarşılaşma bugünkündən daha maraqlı olacaq. Futbolçularımdan intizamlı və baxımlı oyun tələb etmişəm.

- Bakıda oynasaydınız, qələbə qazanacağınızı düşünmürsünüz?

- Düşünürdüm desəm yanlış olardı. Bakı ilə İstanbul arasında heç bir fərq hiss etmədim. Qəbul edək ki, rəqib bizdən üstün idi. Bakıda bəlkə bundan daha böyük fərqlə məğlub olardıq.

- Heyətin gücləndirilməsini çempionat, yoxsa Avropa Liqası üçün istəyirsiniz?

- Elə bir fərqi yoxdur. İndi elə bir dövrdür ki, Avropada düşünülməyən nəticələr var. "Makkabi" ilə oyunumuzdan sonra qrupdakı komandaların hamısı öz çempionatında xal itirmişdi. Bunlar elə-belə şeylər deyil. Çünki komandalar çox enerji itirirlər. Bakdakı matçda ciddi rotasiya edə bilməyəcəyəm. Təkcə Abbas Hüseynov 3-4 gündən bir 6 və ya 7-ci oyunu idi. Hətta ehtiyatlanırdım ki, zədələnə bilər. "Keşlə" ilə oyuna hazırlaşmalıyıq, ancaq müdafiədə problemlərimiz var. Sağlam oyunçu çox olanda həm çempionatda, həm də avrokuboklarda istədiyimiz keyfiyyəti göstərə bilirik. Futbolçuların orqanizmi fərqlidir, bu oyunlar da böyük enerji aparır. Çempionatda qələbələrimizin sayının az olması təsadüfi deyil. Bizim üçün asan olmayacaq. Əvvəlki illərə nisbətən hərtərəfli səviyyəmiz bir az aşağı düşüb. Ancaq yenə də səviyyəmizi qorumağa çalışırıq. Oyunçuların sayının çox olması vacibdir. Futbol sürət, güc tələb edir. / "Mediaost"
loading...