
DÇ-2018-də son iki Avropa çempionunun dueli, Misir Uruqvaya qarşı - Yenilənir
Bu gün dünya çempionatında 3 oyun keçiriləcək.
XEBERTV.AZ xəbər verir ki, günün ilk matçında meydana Misirlə Uruqvay milliləri çıxacaq. A qrupunda növbəti mərhələyə namizədlər arasında göstərilən komandaların mübarizəsinə maraq kifayət qədərdi. Tarixlərində ikinci dəfə üz-üzə gələcək milli komandalar üçün bu, ilk rəsmi oyundu. 2006-cı il avqustun 16-da baş tutan yoldaşlıq oyununu Uruqvay qazanmışdı - 2:0.
Uruqvay dünya çempionatlarının ən təcrübəli iştirakçılarından sayılır. Mundialların ilk, həm də ikiqat qalibi 13 dəfə dünya çempionatlarının final mərhələsində oynayıb. Ümumilikdə, 50 oyun keçirən “səma-mavilər” 20 qələbə qazanıb, 19 oyunda məğlub olub. 12 oyun isə heç-heçə bitib. Cənubi Amerika təmsilçisi bu oyunlarda 80 qol vurub, öz qapısından 71-ni buraxıb.
Misir isə 28 illik fasilədən sonra böyük futbol forumuna qatılıb. İkinci dəfə dünya çempionatında iştirak hüququ qazanan ərəb ölkəsi daha əvvəl keçirdiyi 4 qarşılaşmada qələbə qazanmayıb: 2 heç-heçə, 2 məğlubiyyət. Bu matçlarda 3 qol atan Misir millisi qapısında 6 qol görüb.
Uruqvay FİFA sıralamasında 17-ci, Misir isə 46-cı yerdədir.
Qarşılaşma Yekaterinburq şəhərində 35 min nəfərlik “Yekaterinburq Arena”da oynanılacaq. Bu qarşılaşmada qələbə qazanacaq komanda ciddi mənada üstünlük əldə etmiş olacaq.
Bu gün B qrupunda da mübarizəyə start veriləcək. Əvvəlcə qrupun autsayderləri Mərakeşlə İran münasibətlərinə aydınlıq gətirəcək. Sürpriz etmək arzusunda olan komandalar əvvəlcə ilk turda qələbə qazanmalıdı.
Günün son qarşılaşmasına maraq daha böyükdü. Dünya çempionatında Pireney derbisi baş tutacaq. Son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gələcək. Hər iki komanda qrupu birinci pillədə bitirmək niyyətindədi. Bu gün hansı yığma qalib gəlsə, böyük ölçüdə arzusunu həyata keçirməyi bacaracaq.
Komandalar bu günə qədər 35 dəfə üz-üzə gəlib. 16 oyundan qalib ayrılan İspaniyanın böyük statistik üstünlüyü var. Portuqaliya isə cəmi 6 qələbəyə sevinib. 13 oyunda bərabərlik qeydə alınıb. Bu qarşılaşmalarda ispanların 72 qoluna portuqallar 41 qolla cavab verib. Pireney təmsilçiləri DÇ-lərdə indiyədək 1 dəfə üz-üzə gəlib. 2010-cu ildə CAR-da keçirilən mundialın 1/8 finalında baş tutan oyunda sevinən tərəf İspaniya olmuşdu - 1:0.
Komandalar arasında son qarşılaşma 2012-ci ilə təsadüf edir. Avropa çempionatının yarımfinal matçında qalib penalti seriyasıyla müəyyənləşmişdi. İspanlar 4:2 qələbə qazanmışdı. İndi isə vəziyyət bir qədər fərqlidir. Son iki Avropa çempionlarının qarşılaşması həm də turnirin ən maraqlı oyunlarından hesab edilir.
İspaniya hazırda FİFA reytinqində 8-ci, Portuqaliya isə 4-cü sıradadı. (komanda.az)
DÇ-2018. 1-ci tur
15 iyun
A qrupu
16:00. Misir – Uruqvay
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Yekaterinburq, Mərkəzi arena
B qrupu
19:00. Mərakeş – İran
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sankt-Peterburq, “Krestovski” stadionu
22:00. Portuqaliya – İspaniya
Baş hakim: Canluka Rokki (İtaliya)
Soçi, “Fişt” stadionu
publika.az