• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Yəhudi uşaqlarının həyatını xilas etmiş azərbaycanlı qəhrəmanın xatirəsi Berlində anılıb

Berlində fəaliyyət göstərən, Azərbaycandan Almaniyaya miqrasiya etmiş yəhudiləri özündə birləşdirən “Bakinets” klubu tərəfindən İkinci Dünya Müharibəsi zamanı sovet ordusunun sıralarında vuruşmuş və göstərdiyi qəhrəmanlıqla yəhudi uşaqlarının həyatını xilas etmiş azərbaycanlı Həmzə Sadıqovun xatirəsi anılıb. Tədbir Berlin Yəhudi İcmasına məxsus “Sion” Ailə Mərkəzinin “Mifgasch” zalında baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Bakinets” klubunun sədri Elmira Əşrəfova əslən Ağdam rayonundan olan kəşfiyyatçı Həmzə Sadıqov barədə tədbir iştirakçılarına məlumat verib.

Bildirib ki, Həmzə Cümşüd oğlu Sadıqov 10 may 1915-ci ildə Ağdam rayonunda anadan olsa da valideynləri ilə oraya Şuşa şəhərindən köçüb. Qeyd edib ki, 1938-ci ildə orduya çağırılan H.Sadıqov hərbi təhsilini Kiyevdə artilleriya üzrə hərbi məktəbdə alıb. 1940-cı ildə həmin məktəbi bitirən H.Sadıqov zabit kimi kəşfiyyat qrupunun tərkibində Qərb və Cənub cəbhələrində xidmət edib. Daha sonra Baş Kəşfiyyat Xidmətinin (QRU) 4-cü bölməsinin polkovniki qismində Stalinqrad cəbhəsində müharibədə iştirak edib. Bu zaman gedən ağır döyüşlər zamanı göstərdiyi xüsusi qəhrəmanlıqla fərqlənib. Belə ki, QRU tərəfindən verilən əməliyyat tapşırığı əsasında Stalinqard cəbhəsində vuruşan alman general Yohan Karl fon Rodenburqu canlı ələ keçirərək əsir alıb. H.Sadıqovun göstərdiyi qəhrəmanlıq bununla bitməyib. O, həmçinin Karl fon Rodenburqun öz qərargahı yanında təsis etdiyi “ölüm düşərgəsi”ndə saxlanılan yəhudi ailələr, o cümlədən çoxsaylı uşaqları əsirlikdən xilas edib.

Diqqətə çatdırıb ki, H.Sadıqov tərəfindən yəhudi ailələrin xilası ilə bağlı göstərilən igidlik yəhudi xalqı üçün xüsusi əhəmiyyət daşıyır. Əlavə edib ki, yəhudi adətlərinə görə, yeganə yəhudi həyatını xilas etmiş şəxs belə “dünya xalqlarının mömini” titulu ilə təltif olunur.

Çıxışın sonunda İsraildən olan musiqi qrupunun ifasında Həmzə Sadıqovun xatirəsinə həsr olunmuş musiqi dinlənilib.

Daha sonra H.Sadıqovun “dünya xalqlarının mömini” titulu ilə təltif olunması ilə bağlı İsraildəki Yad Vaşem muzeyinə müraciət edilməsi qərara alınıb və bu məqsədlə “Bakinets” klubu üzvlərinin imzaları toplanılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →