• 18:41 – 790-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 
  • 22:38 – Bayden Zelenskiyə yardımla bağlı vəd etdi 

Xilaskar, Qurucu, Birləşdirici Lider

Azərbaycanda hər il "Heydər Əliyev İli" sayıla bilər!



Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan olundu.

Hamının ürəyindən olan, xalqımızın yekdil razılığı ilə qarşılanan qərardır.

Növbəti ildə Ulu Öndərimizin anadan olmasının 100 ili tamam olur.

Ümummilli Lider Heydər Əliyevin gördüyü işlər o qədər çox, geniş və əhatəlidir ki, əslində, onları yenidən xatırlamaq, bir daha minnətdarlıqla anmaq üçün bir il ancaq kifayət edər.

Elə burada da qeyd edək ki, gerçək həyatda Heydər Əliyev hər gün xatırlanır, hər gün anılır.

Çünki daim bizimlədir, daim onun yaratdıqlarından bəhrələnir, qurduğu yeni Azərbaycanda yaşayır, müəyyən etdiyi siyasi kursla dönmədən irəliləyirik.

***

Azərbaycan tarixində Azərbaycan üçün Heydər Əliyev qədər çoxcəhətli və gərəkli işlər görüb, xalqına xidmət edən ikinci dövlət başçısı olmayıb!

Əlbəttə, ən əvvəl gərək xalqa xidmət etməyi bacarasan, bunun yollarını və imkanlarını müəyyənləşdirərək sonra reallaşdırasan.

Ulu Öndər Heydər Əliyev hansı ictimai-iqtisadi formasiyada yaşamasından, hansı vəzifə tutmasından asılı olmayaraq daim ölkəsi, xalqı üçün, Azərbaycanın indisi və gələcəyi üçün nəsə etməyi bacarıb və edib!

Sovet Azərbaycanı kommunizm ideologiyasına xidmət edən dövlət idi.

SSRİ adlı nəhəng dövlətin tərkibində fəaliyyət göstərən on beş müttəfiq respublikadan biri sayılırdı.

Belə bir quruluşda hər şey mərkəzdən - Moskvadan idarə olunurdu.

Həm də təkcə idarə olunmurdu, bütün "kiçik qardaş"ların qazandıqlarının sahibi "mərkəz" idi.

Hər şey mərkəzin istəyi və iradəsi ilə "ümumittifaq fondu" adlanan bir quruma toplanır, sonra isə onun tərəfindən bölünürdü.

Müttəfiq respublikanın heç hansı öz ərazisində özünə bir zavod, fabrik belə tikə bilməzdi.

Bundan ötrü xüsusi qərarla "ümumittifaq fondu"ndan vəsait ayrılmalı idi.

Həmin vəsaitin ayrılması üçün isə əvvəlcədən Sov.İKP MK-nın qərarının olması vacib şərt sayılırdı.

Sadə şəkildə desək, hamı qazanıb Moskvaya göndərirdi, onlar isə kimə nə qədər istəsələr, ayırırdılar.

***

Sovet dövründə "plan" adlı hökmlü tapşırıq da mövcud idi.

Hər bir müttəfiq respublikaya nədən nə qədər - istər sənaye, istər kənd təsərrüfatı məhsulu olsun - istehsal edib mərkəzi fonda təhvil verməsi vacib sayılırdı.

Planı ödəməyənlər cəzalandırılır, ona ayırmalar azaldılır, respublika maddi və mənəvi cəhətdən ziyan çəkirdi.

Heydər Əliyev böyük enerji, təcrübə, bilik sahibi olmaqla bərabər, həm də mahir təşkilatçı idi.

İnsanları qısa müddətdə səfərbərliyə almağı, qüvvələri qarşıdakı vəzifələrin uğurlu həllinə yönəltməyi məharətlə bacarırdı.

Azərbaycana ilk rəhbərliyi dövründə bunu dönə-dönə sübuta yetirdi.

***

Heydər Əliyev 1969-cu ildə ölkəyə rəhbər seçiləndə Azərbaycan geridə qalmış, kənd təsərrüfatı və sənayesi bərbad vəziyyətə düşmüş, mədəni və dolanışıq səviyyəsi digər müttəfiq respublikalardan aşağı olan ölkə idi.

Belədə ittifaqdan aldığı cüzi vəsait onun yüksəlməsinə və xalqın maddi vəziyyətinin yaxşılaşmasına kifayət etmirdi.

Heydər Əliyev qısa müddətdə neft sənayesini qaldırdı, Azərbaycanda yeni sənaye sahələri yaratdı, kənd təsərrüfatını sürətli inkişaf yoluna çıxardı.

Şəxsi nüfuzundan da istifadə etməklə, mərkəzin hesabına ölkədə yeni fabrik və zavodların açılmasına, qabaqcıl istehsalat sahələrinin yaradılmasına, kənd təsərrüfatının texnika və elmi yeniliklərin nailiyyətləri ilə təminatına nail olurdu.

Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə Azərbaycan sürətlə inkişaf etdi, əhalinin sosial vəziyyəti əsaslı şəkildə yüksəldi.

Bakıda xeyli sayda yeni sənaye sahələri yaradıldı, yeni mikrorayonlar salındı, insanlar təzə mənzillərə köçürüldü, yüksək maaşlı iş yerləri açıldı, yeni ali və orta ixtisas təhsili müəssisələri öz qapılarını gənclərin üzünə açdı, mədəniyyət, səhiyyə ocaqları, idman qurğuları tikildi.

Azərbaycan gənci dövlət hesabına SSRİ-nin digər şəhərlərindəki tanınmış ali məktəblərə daxil olaraq nadir ixtisaslara yiyələndilər. Onların bir çoxu müstəqil Azərbaycana da xidmət etdi.

Azərbaycan kəndi öz simasını büsbütün dəyişdi. Kənd əkinçisi bol məhsul istehsal edərək yaxşı qazanc götürdü, özünə yüksək güzəran qurdu. Köhnə daxmalardan, çiy kərpiclə tikilmiş komalardan ikimərtəbəli daş evlərə köçdü, evində müasir məişət əşyaları, qapısında təzə minik maşınları göründü. Fəhlə də, kəndli də övladlarına təhsil verərək ev-eşik sahibi etdilər.

Azərbaycan qabaqcıl respublika kimi ittifaq miqyasında tanınaraq hörmət sahibinə çevrildi.

***

Ulu Öndər Heydər Əliyev qurulu, inkişaf etmiş Azərbaycanı qoyaraq dəvət olduğu mərkəzə, SSRİ-nin rəhbərlərindən biri kimi Moskvaya işləməyə getdi.

Təəssüf ki, bu müvəqqəti ayrılıq ölkəyə də, onun hər bir vətəndaşına da baha başa gəldi.

M.Qorbaçovun baş rolda oynadığı "yenidənqurma" oyunu Azərbaycana uğursuzluqlar gətirdi.

Mərkəzdən, Qorbaçovun özündən və arvadından dəstək alan ermənilər separatçılıq yolunu tutdular, Azərbaycanla silah gücü ilə danışmağa başladılar.

Vaxtında ordu qurulmaması, torpaqların müdafiəsinin təşkil edilməməsi faciə ilə nəticələndi.

Azərbaycan 20 min övladını şəhid versə də, 20 faiz ərazisi işğala məruz qaldı.

Xalq fəlakətli günlərə düşərək qaçqın və məcburi köçkünə çevrildi, arxasız və sahibsiz qaldı.

***

Son anda müdrik xalqımız ən düzgün qərarını qəbul edərək sınanmış oğlunu, böyük siyasətdən bədxahları tərəfindən uzaqlaşdırılmış Heydər Əliyevi yenidən ölkə rəhbərliyinə dəvət etdi.

Ordusuz, silahsız geriyə qayıdan Ulu Öndər xalqı fəlakətdən qurtarmaq, kövrək müstəqilliyi məhvolmadan xilas etmək üçün gecə-gündüz çalışdı, uzaqgörən siyasəti, müdrik addımları və yorulmaz fəaliyyəti ilə ölkəni məhvolmadan xilas etdi:

* Azərbaycanı özbaşınalıqdan, xaos və anarxiyadan, xəyanətkarlardan qorudu, möhkəm və dönməz sahiblik yaratdı.

* İki dövlət çevrilişinə cəhdin qarşısını qətiyyətlə, xalqın etimad və dəstəyinə arxalanaraq aldı.

* Milli maraqların təminini əsas tutmaqla "Əsrin müqaviləsi" neft kontraktının imzalanmasına, Azərbaycanla dünyanın aparıcı dövlətlərinin maraqlarının uzlaşdırılmasına nail oldu.

* Ordu quruculuğu prosesinin əsasını qoydu, Horadiz əməliyyatı keçirərək, 20-dən çox yaşayış məntəqəsini geri qaytarmaqla, erməniləri atəşkəs barədə sazişi imzalamağa vadar etdi.

* Ən əsası, layiqli siyasi varis yetişdirdi, müstəqil Azərbaycanın gələcək inkişaf konturlarını cızmaqla uğur və qələbələrə çatdıran yeni, müasir inkişaf istiqamətlərini müəyyənləşdirdi.

*Azərbaycan xalqına son vəsiyyətini edərək sevdiyi xalqından cismən ayrıldı.

***

Xalq sevimli rəhbərinin vəsiyyətinə hörmət və ehtiramla əməl etdi.

Onun göstərdiyi yoldan heç zaman kənara çıxmadı.

Çünki yalnız bu yol onu həqiqi istəklərinə, xoşbəxtliyə və səadətə qovuşdurur.

Çünki bu yol ona rifah və rahatlıq gətirir.

Çünki bu yol müstəqilliyi möhkəmləndirir, dövlətin gücünü və qüdrətini artırır, dünyada nüfuz sahibinə çevirir.

Əslində, xalq, onun hər bir üzvü hər gün, hər zaman sevimli rəhbərini yanında hiss edir.

Çünki bu gün də qazanılan hər bir qələbədə, hər bir uğurda Ulu Öndərimizin əməllərini görür, yaratdığı təməldən bəhrələnirik.

***

2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi hər birimizin ürəyindəndir.

Hər bir azərbaycanlı möhtərəm Prezident İlham Əliyevin bununla bağlı verdiyi sərəncamı razılıqla qarşılayıb.

Əslində, Azərbaycanda hər il "Heydər Əliyev İli" sayıla bilər!

Çünki hər il Heydər Əliyevin memarı və qurucusu olduğu müasir Azərbaycan daha da inkişaf edərək irəliyə doğru yeni bir addım atır!

Çünki Azərbaycan dönmədən Heydər Əliyev siyasi kursu ilə irəliləyərək yeni qələbələrə nail olur!

Çünki hər il Heydər Əliyevin arzu və tövsiyələrinin həyata keçirilməsi sayəsində Azərbaycan iqtisadi və hərbi qüdrətini artırır, siyasi nüfuzunu yüksəldir, Azərbaycan xalqının sosial rifahı və həyat səviyyəsi daha da yüksəlir.

Budur, Ulu Öndərimizin ən müqəddəs vəsiyyətlərindən biri şərəflə yerinə yetirilərək, 44 günlük Zəfər müharibəsi sayəsində işğal altındakı torpaqlarımız azad olundu!

İndi növbədə Böyük qayıdış və Qarabağın cənnətə çevrilməsidir!

İnanırıq ki, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyev bu vədəni də layiqincə yerinə yetirəcək, müstəqil və qüdrətli Azərbaycanı Heydər Əliyevin arzu etdiyi yüksəkliyə ucaldacaqdır.

2023-cü ildə isə hər birimiz Azərbaycanın çiçəklənməsi naminə var gücü ilə çalışacaq!

Ulu Öndəri hər gün, hər saat minnətdarlıqla xatırlayaraq, övlad borcunu şərəflə yerinə yetirəcəkdir!

2023-cü ilin mübarək, Azərbaycan!

"Heydər Əliyev İli"n mübarək, Azərbaycan!
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →