• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Azərbaycan polisi 104 il (Video)

Azərbaycan polisi 104 il (Video)


Ümummilli lider Heydər Əliyev: “İndi Azərbaycan polisi Azərbaycan övladlarının polisidir, milli polisdir. Bununla fəxr etmək lazımdır. Bu güc ilə, qüvvə ilə biz Azərbaycanı gündən-günə inkişaf etdirəcəyik”.

Azərbaycan Prezidenti İlham Əliyev: “Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın inkişafında polis orqanlarının çox böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm”.

Yüz dörd yaşlı Azərbaycan polisinin ad günü ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə Polis Günü kimi artıq 24-cü dəfədir dövlət səviyyəsində qeyd olunur. Əslində, bu zaman kəsiyi tarix üçün, bəlkə də bir göz qırpımı vaxtı da deyil. Ancaq yüz dörd il ərzində Azərbaycan elə ağrılı-acılı, həm də şərəfli mərhələlərdən keçib ki, onlardan hər biri ayrıca sanballı tədqiqat mövzularıdır, o cümlədən də Azərbaycan polisinin həyat və fəaliyyəti. Keçilən yolda böyük itkilər də olub, nailiyyətlər də. Ümummilli lider Heydər Əliyev Azərbaycan polisinin 80 illik yubileyində keçilən yolu təhlil edərək belə dəyərləndirib: “Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli, qara səhifələri də var. Amma bunların hamısı bizimdir, Azərbaycanındır, xalqındır. Bu, bizim xalqın tarixinin səhifələridir”.

Bu fikirlər tanınmış jurnalist Səyyad Ağbabalının 2 İyul – Azərbaycan Polisi Gününə həsr etdiyi “Dəyişən dünya, yeni çağırışlar və Azərbaycan polisi” sərlövhəli məqaləsində yer alıb.

Keçmişdən dərs almasaq, gələcəyə doğru lazımınca irəliləyə bilmərik. Ona görə də 104 yaşlı polisin portret cizgilərinin bəziləri haqqında qısa qeydlər etmək, zənnimcə, yerinə düşər.

- Ötən dövr ərzində Azərbaycan polisinin adı üç dəfə dəyişdirilib.

- Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ədliyyə Nazirliyinin nəzdində yaradılan və parlament qarşısında hesabatçı olan Daxili İşlər Nazirliyinə təxminən 20 ay ərzində 6 nəfər rəhbərlik edib. Onların hamısı, demək olar ki, erməni-daşnak terrorçuları və bolşevik-daşnak cinayətkarları tərəfindən ya öldürülüb, yaxud da başqa yollarla repressiyaya məruz qalıblar.

- Sovetlərin ilk dönəmlərində (xüsusilə, 1920-40-cı illərdə) Azərbaycana və xalqımıza yad olan, qatı düşmən kəsilənlərin rəhbərlik etdikləri vaxtlar polis həm sovet repressiya maşının aparıcı qüvvələrindən birinə çevrilib, həm də özü repressiyanın qurbanı olub. Belə zamanları atalarımız “At izinin it izinə qarışdığı dönəmlər” kimi xarakterizə ediblər.

- Sovet Azərbaycanı dönəmində daxili işlər naziri vəzifəsini 16 nəfər tutub. Onlardan 3 nəfəri qeyri-azərbaycanlı olub. Həmin şəxslərin Azərbaycan SSR-in daxili işlər naziri vəzifəsini tutmaları 1929-1941 və 1953-1956-cı illərə təsadüf edir. Bir faktı qeyd etmək yerinə düşər. Məhz 1929-1941-ci illərdə nazir vəzifəsini tutan Stepan Fyodoroviç Yemelyanovun fəaliyyəti dövründə Azərbaycan milisinin ancaq rəhbər heyətindən 320 əməkdaş repressiyanın qurbanı olub.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbər seçilənədək (1969) Azərbaycan SSR-in daxili işlər nazirinə və ən yaxşı halda onun müavinlərindən birinə Moskva tərəfindən general rütbəsi verildiyi halda, xisləti başdan-ayağa separatçı-daşnak olan Ermənistan DİN-in rəhbərliyində təmsil olunanlara isə general ulduzları ovucla hədiyyə edilib.

Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışına qədər (15 iyun 1993-cü il) Ermənistanın hərbi-xunta, daşnak-separatçı, işğalçı qüvvələri qarşısında sipər olan tək qüvvə Azərbaycan polisi idi.

AXC-Müsavat hakimiyyəti dönəmində Azərbaycan polisi tamamilə siyasiləşdirildi, öz vəzifələrinin icrasından uzaqlaşdırıldı, peşəkar özək əsaslı surətdə məhv edildi. Saxta diplomlarla polis peşəsi ilə heç bir əlaqəsi olmayan, bir çox hallarda cinayətkar keçmişə sahib adamlar DİO-da boy göstərdi. Həmin dövrlərdə elələrinin sayı min nəfərdən çox olub.

Ümummilli Lider birinci dəfə hakimiyyətə gələrkən DİN qarşısında qoyduğu sualları 24 ildən sonra yenidən gündəliyə gətirdi: “Niyə DİN və onun strukturları öz vəzifələrini yerinə yetirə bilmir? Niyə bu orqanla bağlı şikayətlərin və narazılığın sayı bu qədər çoxdur? Niyə daxili işlər orqanlarında (DİO) cinayətə meyilli, hətta cinayətkar ünsürlər kök salıb?”.

Ölkə rəhbəri bu orqanın fəaliyyətini yenidən qurmaq üçün obrazlı dillə desək, “Ağır xəstənin cərrahi əməliyyata ehtiyacı olduğunu” vurğuladı və müdaxiləni özü birbaşa üzərinə götürdü.

Bütün bunlar Azərbaycan polisinin tarixində qalıb və qalacaq. Bəlkə də, bayram əhval-ruhiyyəli bu yazıda bəzi məqamları qeyd etməmək olardı, əgər biz tarixdən lazımınca dərs almış olsaydıq. Ona görə də Azərbaycan polisinin gərgin və fədakar həyatını, iştirakçısı olduğu prosesləri, bu sistemdə aparılan islahatları gələcək nəsillərə olduğu kimi çatdırmaq lazımdı.

Biz keçmiş tariximizə də sancılıb qala bilmərik. Dünya hər kəsin gözü qarşısında dəyişir. Beynəlxalq aləmdə sanballı tarixçi və analitiklərin, nüfuzlu beynəlxalq araşdırma mərkəzlərinin belə kəsdirə bilmədiyi proseslər baş verir. Terrorizm və dini ekstremizm, beynəlxalq narkomafiya şəbəkələri, daxili hərbi toqquşmalar və müharibələr, milyonları ağuşuna alan miqrasiyalar bir çox ölkələri qan çanağında silkələyir, iqtisadiyyatını dağıdır, sabitlik və təhlükəsizlik zorakılıqla əvəz olunur. Bu və digər səbəblərdən yeni çağırışlara hazır olmaq və onlara vaxtında cavab vermək lazım gəlir. Bu baxımdan xüsusi coğrafi məkanda yerləşən Azərbaycan üçün isə həm də xüsusi, müstəsna əhəmiyyətli məsələləri və problemləri proqnozlaşdırmaq, lazımi “reseptləri” hazırlamaq lazım gəlir. İndi Azərbaycan dünyada davamlı iqtisadi inkişaf tendensiyasına malik, dayanıqlı sabitliyi olan, öz köklərindən ayrılmayaraq demokratik yolla inkişaf edən bir ölkədir.

Azərbaycan xalqı gələcəyə inamla baxır, ona görə ki, onun dünyada tanınan və qəbul edilən “Azərbaycan gəmisini fırtınalı dənizdə belə məharətlə idarə edən” kapitanı, Müzəffər Ali Baş Komandanı var. Azərbaycan xalqı ümid qığılcımlarını getdikcə daha parlaq görə bilir, həm də ona görə ki, ölkədə asayişi, ictimai təhlükəsizliyi, vətəndaşların hüquq və azadlıqlarını etibarlı şəkildə qoruyan dövlət başçısının etibarını və etimadını ən yüksək səviyyədə doğruldan, Heydər Əliyev məktəbini layiqincə keçərək mətinləşən, dövlətin əsas sütunlarından birinə çevrilən Azərbaycan polisi var.

Bu gün Azərbaycan polisi anda sədaqət nümunəsidir. Bəzi neqativ hallar nəzərə alınmasa o, nümunəvi davranışı, xidməti vəzifəsini layiqincə yerinə yetirməsi ilə fərqlənir. Son 4-5 ildə qeydə alınmış cinayətlərin 85 faizdən yuxarısının böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizdən çoxunun ağır cinayətlər təşkil etməsi, cinayətlərin açılmasının 80 faizdən yuxarı olması qeyd olunan fikri təsdiq edir. Bu statistik rəqəmlərin arxasında Azərbaycan polisinin xidməti borca sədaqəti, dövlətə və dövlətçiliyə ən yüksək formada sadiqlik nümayiş etdirməsi, qəhrəmanlığı və şücaəti durur.

Siz Azərbaycan polisini və onun strukturlarından biri olan Daxili Qoşunların əməkdaşlarını nə vaxt və harada görmüsünüz?

- 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakını işğal edərək qan çanağında çalxalayarkən ilk şəhid verəndə (20 Yanvar faciəsi zamanı ilk şəhid polis serjantı Telman Bağırov olub),

- Dişinə qədər silahlanmış işğalçı erməni-faşist-daşnak separatçı qüvvələrinə və onların havadarlarına qarşı 1988-92-ci illərdə tabel silahı ilə qəhrəmancasına vuruşanda,

- Xocalı aeroportunda Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin rəhbərliyi ilə tankların və zirehli maşınların üzərinə vətən sevgisi ilə yeriyib, az qala, axırıncı əməkdaşını da şəhid verən zaman,

- Xüsusi Təyinatlıların Çaykənd əməliyyatı zamanı düşməni sil-süpür edib yurdun bir parçasını murdar ayaqlardan təmizləyəndə,

- Birinci Qarabağ müharibəsində sıralarından 500, 44 günlük Vətən savaşında isə 66 əməkdaşını şəhid verən, ümumilikdə 5346 əməkdaşı yaralanan və əlil olan zaman,

- Mütəşəkkil cinayətkarlığa qarşı barışmaz mübarizədə şəhid olan silahdaşının məzarı, yaralananların isə hospitaldakı çarpayısı başında dayanarkən,

- Beynəlxalq narkomafiyanın ölkəmizə uzanan caynaqlarının kəsilib atıldığı yerlərdə,

- Bəzi başıpozuq və səbatsız, həddini bilməyənlərin qarşısını sinəsi ilə kəsərək böyük səbir, qətiyyət və məsuliyyət nümayiş etdirən vaxtlar.

Bu xüsusatları istənilən qədər sadalamaq olar. Lakin elə qeyd olunanlar da kifayət edir ki, Azərbaycan polisinin parlaq obrazı gözlər önündə canlansın. Bu obraz “demokratiyanın vulkan kimi püskürdüyü” ölkələrdə, haqdan, ədalətdən dəm vuran, lakin polis zorakılığının tüğyan etdiyi dövlətlərdə qulluq edən polislərin obrazlarından köklü surətdə fərqlənir. Onlardan fərqli olaraq Azərbaycan DİN və onun strukturları “qorxu və xof orqanı” kimi yaramaz adı tarixin arxivinə çoxdan gömüb. Bəlkə də dünyada bir neçə ölkə tapmaq olar ki, Azərbaycanda olduğu kimi “Polis haqqında” Qanunun 40 maddəsindən 14-ü insan hüquq və azadlıqlarının qorunması ilə bağlı olsun. Azərbaycan polisi demokratiya ilə anarxiya arasındakı qırmızı xətti çox aydın görən və dəyərləndirən bir strukturdur. Demokratik cəmiyyətdə zorakılığa, xaos və anarxiyaya yer ola bilməz. Demokratiya qanunlara hörmət və ona riayət tələb edir. Qanun qarşısında hamı bərabərdir. Ona görə də qanunları pozmaq niyyətləri olanlar onun sərt üzü ilə üzləşəndə günahı özlərində axtarmalıdırlar.

Azərbaycan polisi öz gücünü canı qədər sevdiyi xalqından, diqqətini və qayğısını daim əsirgəməyən Ali Baş Komandanından, nazirliyin rəhbərliyinin yüksək peşəkarlıqla idarəetmə səriştəsindən alır. Onun yüksək vətənpərvərlik ruhu torpağına, Ulu Öndərin əmanət etdiyi müstəqil Azərbaycana sonsuz məhəbbətlə xidmət etməklə yoğurulub, yoğurulur və bərkiyir. Ona görə də Azərbaycan polisi qürurludur. Bu qürur onu daha da məsuliyyətlə, şərəflə xidmət etməyə ruhlandırır.

“Müstəqil Azərbaycan dövləti və dövlətçiliyi üçün bütün təhdidlər arxada qalıb”, - deyə düşünsək, səhv etmiş olarıq. Müstəqil, bölünməz, ərazi bütövlüyü təmin olunmuş və demokratik Azərbaycan uğrunda Müzəffər Ali Baş Komandanın başladığı mübarizə bir çox xarici qüvvələri və dövlətləri əməlli-başlı narahat etdi. Biz onların kimliyini bir daha gördük. Bu gün də onlar marağa yatmış vəziyyətdə dişlərini ölkəmizə qicadırlar. Əlbəttə, respublikamızın daxilində də hər zaman bir ovuc səbatsız ünsür görmək olar. Məhz bu səbəblərdən həm də DİN və onun strukturları ən mühüm və çətin vəzifələri zamanında icra etməyə hazır olmalıdırlar.

İndi Azərbaycan polisi deyəndə öz kökündən və həyatın real axarından ayrı düşməyən hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri ilə fəaliyyət göstərən, cəmiyyətə tam açıq olan, yeni çağırışlara ölkənin milli maraqları baxımından sərrast cavab verən mükəmməl bir struktur görürük.

DİN və onun strukturları informasiya və kommunikasiya texnologiyalarının inkişafını layiqincə təqib edir, innovasiyalardan mükəmməl qaydada istifadə edir. DİO-da aparılan institusional islahatlar daha da dərinləşdirilir. İndi sınanmış və etibarlı işçilərin, yüksək mənəvi-siyasi və professional keyfiyyətlərə malik əməkdaşların DİN-in mərkəzi aparatında, şəhər və rayon polis idarə və şöbələrinin rəhbərliyində daha sanballı formada görünmələri həm də ictimaiyyət arasında böyük razılıq doğurur.
P.S Nobel mükafatı laureatı, italyan yazıçısı Qarsiya Markes belə yazırdı: “Ədəbiyyat olmasaydı, dünya zərrəcə dəyişməzdi. Amma polis olmasaydı, dünya tamamilə başqa cür olardı”.

Siz necə düşünürsünüz? Yalnız bircə gün polis fəaliyyətini dayandırsa, özünüzü təhlükəsiz hiss edə bilərsiniz?

Nəinki siz, biz, heç dövlət də özünü təhlükəsiz hiss edə bilməz. Çünki onu qoruyan ən mühüm güc strukturlarından biri DİO-dur. Prezident İlham Əliyev deyir: “Polisə olan hörmət dövlətə olan hörmətdir”.

Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →