Xəbər lenti
Axtar
14 Kas 2020, 20:07   
    110



“Ermənistan aldığı yaradan özünə gələ bilməyəcək” - Politoloq


“Ermənistan aldığı yaradan özünə gələ bilməyəcək”

“Müharibə göstərdi ki, Azərbaycan Ordusu ən yüksək standartlar üzrə qurulmuş, peşəkarlıq səviyyəsinə görə dünyanın ən qabaqcıl orduları sırasında olan beşinci nəsil silahlardan istifadə edən Orduya çevrilib. Buna görə də qısa müddətdə, ildırımsürətli bir əməliyyatla işğal edilmiş ərazilərin bir hissəsini azad edə bildik”.

XEBERTV.AZ “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, bu müharibə Ordumuzun peşəkarlığı ilə yanaşı, cəmiyyətin inkişafının da yeni mərhələyə daxil olduğunu göstərdi. Azərbaycan dövləti uzun müddət idi ki, bölgədə ciddi iqtisadi layihələr həyata keçirirdi:

"Bu layihələr də Azərbaycanının iqtisadi gücünə böyük təkan verdi. Bu gün Azərbaycan təkcə bölgə üçün yox, bir çox dövlətlər üçün əhəmiyyətli bir dövlətə çevrilib. Bölgədə hər hansı iqtisadi layihə və təkliflərin həyata keçirilməsində Azərbaycanının olmaması mümkünsüzdür. Azərbaycan bu gün Qoşulmama Hərəkatı təşkilatının sədridir. Azərbaycan beynəlxalq proseslərdə dinamik rol oynamağa başlayıb. Bu dinamik rol beynəlxalq münasibətlərin mühüm amilinə çevrilib".

Q.Hüseynli əlavə edib ki, Azərbaycan Qafqazın inkişaf etmiş ölkəsi idisə, müharibədən sonra - torpaqların azad edilməsi ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ilə gələcəkdə bölgəsəl proseslərdə, dünya siyasətinin formalaşmasında aktiv iştirak edən həm beynəlxalq gücə, həm də siyasi amilə çevriləcək:

“Azərbaycan sözün həqiqi mənasında bu müharibə ilə tarix yazdı. Ölkənin ən ambisiyalı, davakar ölkəsi – Ermənistanı diz çökdürdü. Ermənistan aldığı yaradan bir müddət özünə gələ bilməyəcək, bəlkə də heç vaxt güclənə bilməyəcək. Azərbaycan bununla işğalçı Ermənistan kimi bir dövləti diz çökdürməklə, bölgə ölkələri üçün də bir yol açdı. Məsələn, Gürcüstana da bunun böyük bir təsiri olacaq. Bu müharibə baş verməsəydi, Ermənistan getdikcə ambisiyasını daha da artıracaqdı. Gürcüstana da ərazi iddiası qaldıracaqdı. Azərbaycana qarşı da yeni ərazi iddiaları ilə yaşayacaqdı. Bölgəni gərgin vəziyyətdə saxlayacaqdı. İşğalçılıq siyasəti yürüdən Ermənistan yerinə otuzduruldu”.
loading...