Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • 24 Şub 2018, 09:20   
        871
    "Erməni isə uşağın qışqıraraq ağlamasına məhəl qoymadan bıçaqla qulağını kəsib sırğanı götürdü" — Xocalı sakinləri danışır

    Ermənistan silahlı birləşmələrinin 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc Azərbaycan əlahilisinə qarşı soyqırım törətməsindən 26 il ötür.
    Soyqırım zamanı girov götürülən 1275 nəfər azad edildikdən sonra erməni quldurları tərəfindən məruz qaldıqları işgəncə və qeyri-insani rəftar, başlarına gətirilən müsibətlərdən danışıblar.

    XEBERTV.AZ "Report"a istinadən girovluqdan azad edilən bir neçə nəfər xocalılının ifadələrini təqdim edir:

    "Ermənilər Nazilənin dırnağını çıxarıb, başından vurub beynini dağıtmış­lar"

    Ələkbərova Səidə Qurban qızı -1963-cü ildə Azərbaycanın Xo­calı şəhərində doğul­ub. 1992-ci ilin fevral ayının 26-dan 28-dək girovluqda olub.

    O ifadəsində bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbçiləri Rusiyaya aid 366-cı alayın köməkliyi ilə Xocalı şəhərinə hücum edən zaman həyat yoldaşı Kərimov Feyruz Samran oğlu və şəhə­rin əli silah tutan bütün kişiləri postlarda olduğundan və evləri ermənilərin yaşadığı Noraguh kəndinə yaxın yerləşdiyi üçün qardaşıgilə gedib onların qarajında gizlənib­miş. Axşam saat 23:00-da həyat yoldaşı da oraya gələrək ermənilərin hər tərəfdən Xocalıya hücum etdiyini, təcili şəhəri tərk etməyin lazım olduğunu bildirib. Qayınatası Kərimov Samran er­mənilərin şəhərə hücumu zamanı çiynindən yaralanıb, onlar əhali ilə birlikdə Xocalının çıxışın­da­kı 5 mərtəbəli binanın qarşısına yığılıblar. Bir qədər gözlədikdən sonra Xocalının icra başçısı Elman Məmmədov orada dayanmağın mənasız olduğunu bildirərək şəhərdən çıxmağı məsləhət görüb, əhali Qar-qar çayını keçərək meşə­yə doğru hərəkət ediblər. Ermənilərin şəhəri gülləbaran edərək yandırdığını görən Əliyev Əyyub yolda infarkt keçirərək ürəyi partlayıb və vəfat edib. Heç kimin onu götürmək imkanı olmadığından Ə.Əliyevin meyi­ti orada qalıb. Xocalı şəhərinin sakinlərdən ibarət müdafiəçiləri 200 nəfərə qədər mülki şəxsin yoldan keçməsinə kömək edib, onlar yolu keçib düzənliyə çıxıb və arxda gizləniblər. Bu zaman Ələkbərova Zeynəb Cümşüd qızının ayağından və başından güllə dəyib. İradə adlı gəlin və Çobanov Tapdıq adlı şəxslər də erməni gülləsindən həlak olublar. Həyat yoldaşı Feyruz, qızı ilə onu yoldan keçirib, sonra ata və anasını xilas etmək məqsədi ilə Xocalıya dönüb və bir daha geri qayıtmayıb. Ermənilər onu, qızını, birinin adı Valeh olan üç nəfər əsgəri, Elzanı, Ələkbərova Zərifənin oğlunu və 2 azyaşlı uşağı Qaraqaya adlanan yerdə girov götürərək Əsgəran rayon Milis Şöbəsinə aparıblar. Səidə Ələkbərova qonşuları Yusif kişinin meyitini şöbənin həyətində görüb. Erməni hərbçiləri Səidənin dayısı oğlu Mehmanı harasa aparıb, sonra ermənilərdən biri girovların saxlandığı yerə qayıdaraq Meh­manla Hüseynin başlarını erməni qəbirlərinin üstündə kəsdik­lərini söyləyiblər. Şöbədə kameraya daxil olan bir erməni meşədə ayağından yaralanmış Şöhlət adlı azərbaycanlını bir güllə ilə vurub öldürməsi ilə öyünürmüş. Əsgəran Milis Şöbəsində ermənilər kişilərin qızıl dişlərini adi kəlbətinlə çəkib çıxarıblar. S.Ələkbərovanın qonşusu Nazilə adlı qadının dırnağını çıxarıb, başından vurub beynini dağıtmış­lar. Onun başı elə hala düşübmüş ki, ermənilər meyiti qaytararkən qardaşı belə Naziləni tanıya bilməyib. Müşfiq adlı Xocalı sakinini başqa otağa aparan ermənilər onu döyüb və işgəncələr verərək qətlə yetirib. Onun ayaqlarını elə əzibmişlər ki, ortalıqda qalan meyitə baxdıqda bunların ayaq olduğunu təsəvvür etmək mümkün deyildi. Erməni hərbçiləri və milis işçiləri Əsgəran Milis Şöbəsində saxlanılan qadın girovları zorlayırdılar. 366-cı alayın rus hərbçiləri isə iki qadını harasa aparıb, 1-2 saatdan sonra geri qaytarıblar. Hadisədən sonra qadınlar öz-özlərinə gülür və qeyri-adi hərəkətlərə yol verirdilər. Sonradan onlara məcburən narkotik maddə qəbul etdirildiyi məlum olub. Həmin günün axşamı rus zabitləri yenidən içəri daxil olub, alışqan yandıraraq həmin 2 qadını özləri ilə aparıb və geri qaytarmayıblar.

    Səidə Ələkbərova yalnız girovluqdan azad edildikdən sonra həmin 2 qadının da girovluqdan azad olunduğunu eşidib. Əs­gəran rayon Milis Şöbəsində Səidə, Ayxanın həyat yoldaşı olan Fatma adlı Xocalı sakinini də görüb. Girovlar azad edilərkən ermənilər Ayxanın başı kə­silmiş meyitini qaytarsalar da, Fatmanı qaytarmayıb və orada saxlayıblar. Ondan indiyədək xəbər tutmaq mümkün olmayıb. S.Ələkbərova girovluqdan azad olunduqdan sonra, qayınatası Samran, qayınanası Firəngül və həyat yoldaşı Feyruzun meyitlərini meşədən tapıb gətiriblər. Qayınatası Samranın gözləri və başı, qayın­anası Firəngülün qolu deşik-deşik edilibmiş. Xocalı soyqırımı zamanı Səidə Ələkbərovanın qohumları - Hüseynov Bakir, xalası Hü­seyno­va Mina, onun həyat yoldaşı Hüseynov Mirsiyab, Ələkbərova Zərifə, Ələk­bə­rov Təvəkkül, Əsgər Ələkbərov isə itkin düşüblər.

    "Ermənilərin böyrəklərinə və başına çəkmə ilə vur­duqları xocalı sakini qucağımda öldü"

    Abbasov Ələmdar Məmmədvəli oğlu - 1946-cı ildə Xoca­lı şəhərində doğulub. 1992-ci il fevralın 26-da girov götürülüb, həmin ilin martın 28-də azad edilib.

    O ifadəsində deyib ki, ya­şadı­ğı Xocalı şəhəri 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu tərəfindən mühasirəyə alınaraq işğal edilib. İşğal zamanı şəhər hər tərəfdən tanklar və toplarla atəşə tutulub, evlər və digər tikililəri yandırıblar. Nəticədə dinc sakinlər şəhəri tərk etməyə başlayıblar: "Bütün çıxış yolları Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən tutulduğu üçün əhali şəhərdən çıxmağa cəhd etdiyi bütün istiqamətlərdə atəşlə qarşılaşırdı. Ermənilər sakinləri addım-addım izləyir, qarşılarına çıxanı güllələyirdilər".

    Ə.Abbasovun da olduğu sakinlərdən ibarət dəstə iki gün qarlı meşədə ac-susuz yol axta­randan sonra ermənilərin yaşadığı Dəhraz kəndinə gəlib çıxıb və kəndin yaxın­lığında əllərində avtomat silahlar olan Ermənistan hərbçiləri onları girov götürüblər. Onun dediyinə görə, hərbçilərin arasında əvvəllər Sum­qa­yıtda yaşamış erməni Serjik də olub. Hərbçilər əvvəlcə insanların üst-başlarını axtarıblar. Ermənilər Ələmdar Abbasovun və qarda­şı­nın üzərlərində olan qızıl əşya­ları qarət ediblər. Sonradan məlum olub ki, elə həmin gecə onun həyat yoldaşı da girov götürülüb, ondakı qızıllar və 4 min manat pul Ermənistan hərbçiləri tərəfindən qarət olunub.

    Sonra onları Dəhraz kəndindəki böyük bir tövləyə aparıblar və iki gün orada saxlayıblar. Fermada 150 nəfər girov sax­lanılırmış. Ə.Abbasov vurğulayıb ki, orada ermənilər Xocalı camaatına görünməz dərəcədə zülm edib, uşaq­ları, qadınları, qocaları döyərək, təhqir edib, ac-susuz saxlayıblar: "Baş verənləri anlamayan uşaqların dəhşətdən gözləri böyümüşdü. Orada Ermənistan hərbçiləri 13 yeniyetmə oğlanı valideynlərindən zorla ayıraraq naməlum istiqamətdə apardılar. (Onların sonrakı taleyi barədə hazırkı vaxta qədər heç bir məlumat verilməyib, hadisə beynəlxalq təşkilatlardan gizlədilib)".

    Ə.Abbasovu 17 nəfərlə birlikdə Xankəndi şəhərinə aparıblar və Milis İda­rə­sinin təcridxanasına yerləşdiriblər. Təcridxanada onlarla yanaşı, digər əsir-girovlar da saxlanırmış. Onlardan 56 nəfəri Xocalı şəhərinin, qalanları isə 17 fevral 1992-ci il tarixdə girov götürülən Xocavənd rayonunun Qaradağlı kəndinin sakinləri olub. Girovların saxlandığı tikilinin pəncərəsinin şüşələri olmadığı üçün bayırla içəridəki temperaturda heç bir fərq yox imiş: "Əslində isə şüşərələri ermənilər bilərəkdən vurub sındırmışdılar. Girovlara sutka ərzində 50 qram çörək verir, səbəbsiz yerə tez-tez döyüb incidirdilər".

    Ermənilər hamı kimi Ələmdar Abbasova da işgəncələr veririblər. Martın 18-də, saat 09:00 radələrində ona və Salahov Məhəmməd Əbdül oğluna onları dəyişməyə aparacaqlarını bildiriblər və mülki geyimdə olan ermənilər tərəfindən Əsgərandakı təcridxanaya aparılıblar. Həmin gün saat 12:00-da o, gözətçilərdən onlara bir tikə çörək verməsini xahiş etsə də “sizi dəyişəcəyik, özünüzdə yeyib-içərsiniz” cavabını alıblar. Saat 14:00-da Ə.Abbasovu aparıb dörd nəfər xüsusi təyinatlı erməni milisinin olduğu otağa salıblar: "Onlar masa arxasında oturub yeyib-içirdilər. Hətta qarşılarında tiryək də vardı".

    Orada milislər Ə.Abbasovdan soruşublar ki, “Qarabağ Azərbaycanındır, yoxsa Ermənistanın?”. “Azərbaycanındır” cavabını aldıqdan sonra xüsusi təyinatlı milis nəfərinin dördü də ayağa qalxaraq onu vəhşicəsinə təpikləyiblər: "O qədər vurdular ki, huşumu itirdim". Sonra onlar Ə.Abbasovu bayıra çıxarıb soyundurublar. Huşu özünə gələndən sonra yenidən təpiklə döyüblər, siqaret yandırıb közünü bədəninə basıblar: "Elə vu­rurdular ki, futbol topu kimi yuxarı qalxırdım. Döyülməkdən iki qabırğam sınmışdı, böyrəklərim ağır zədələr almışdı. Döydükdən sonra məni huşsuz halda kameraya atdılar. Ayılarkən Salahov Məhəmmədin mənim paltarlarımı geyindirdiyini gördüm".

    O, özünə gələndən sonra isə Məhəmməd Salahovu aparıblar, təxminən 20 dəqiqə döyərək işgəncə verdikdən sonra kameraya gətiriblər. Orada Yerevandan gələn, hərbi geyimdə olan Manvel adlı erməni Ə.Abbasovu armaturla döyüb, bə­də­ninin hər tərəfinə ağır zərbələr vurub. Zərbələrin təsirindən sağ qolu bir neçə yer­dən, sol əlinin barmaqları və qabırğaları sınıb.

    Ermənilər mart ayının 19-da, səhər girovlara 50 qram çörək və bir stəkan su veriblər. Döyülməkdən ağızları parçalanıb şişdiyi üçün daş kimi olan çörəyi heç kim yeyə bilməyib, yalnız su içiblər: "Həmin gün təxminən saat 14:00-da məni yenidən ayrıca bir otağa apardılar. Andranikin (Ozanyan Andranik Torosoviç - 1918-1920-ci illərdə Türkiyədə, Azərbaycanda və indiki Ermənistan ərazisində türk-müsəlman əhalinin soyqırımına rəhbərlik etmiş erməni general) divardan asılan şəklini göstərərək onu tanı­­yıb-tanımadığımı soruşdular. Məni “azərbaycanlılar Andra­nikin ayıb yerlərini yeyirlər” deməyə məcbur etmək istəyirdilər. Bunu demədiyim üçün məni ağır çəkməli ayaqları ilə təpiklədilər, əllərinə daş alaraq amansızcasına döydülər. Martın 21-də azərbaycanlıların milli bayramı - Novruz bayramı günü Qarik və Manvel adlı ermənilər məni o qədər şiddətlə döydülər ki, bütün günü huşsuz halda qaldım. Məhəmməd Salahovun isə böyrəklərinə və başına çəkmə ilə o qədər vur­dular ki, o, bir daha özünə gəlmədi və 24 mart 1992-ci ildə qucağımda öldü",

    Martın 26-da Ə.Abbasovu milis rəisinin müavininin yanına aparıblar. Erməni rəis müavini Ə.Abbasovun vəziyyətini görəndə “Bunun qardaşı və oğlu da buradadır, bunu bu vəziyyətdə qəbul edə bilmərəm” – deyərək onu saxlamaqdan imtina edib. Mülki geyimli Robik adlı erməni onu oradan öz evinə aparıb, növbəti günün səhəri Əsgərana, oradan da Ağdam istiqamətindəki posta gətirərək Azərbaycan hərbçilərinə təhvil verib. Azad olunarkən rast gəldiyi xarici jurnalistlər ona yardım ediblər.


    "Erməni isə uşağın qışqıraraq ağlamasına məhəl qoymadan bıçaqla qulağını kəsib sırğanı götürdü" — Xocalı sakinləri danışır

    "Uşaqlara neftli vedrədə su verirdilər"

    Abbasova Göyçək Qabil qızı - 1966-cı ildə Xocalı şəhərində doğulub. 1992-ci il fevral ayının 25-də girov götürülüb, 28-də azad edilib.

    O ifadəsində bildirib ki, 1992-ci il fev­ralın 25-dən 26-na keçən gecə, təxminən saat 23:00 radələrində iki uşağı və qay­nı Süleyman Abbasovla birlikdə evlərində oturubmuşlar. Qəflətən atışma başlayıb, şəhər hər tərəfdən atəşə tutulub. Süleyman bayıra çıxıb və 5-10 dəqiqədən sonra qayıdaraq ermənilərin şəhəri mühasirəyə aldığını və uşaqları götürüb tez evdən çıxmağın lazım olduğunu deyib. Onlar uşaqları götürüb şəhər orta məktəbinin binasına gediblər. Əhali bir-birinə qarışıbmış, qadınlar, uşaq­lar qışqırır, atəş səsləri isə güclənirmiş.

    G.Abbasovanın sözlərinə görə, şəhər əhalisi hər tərəfdən mərkəzə sıxışdırılırmış. Tanklar, zirehli döyüş maşınları, piyadaların döyüş maşını (PDM) və üzərində zenit-raket kompleksləri quraşdırılmış digər hərbi texnika dayanmadan atəş yağdırırmış: "Şəhərə yalnız Ermənistan hərbçiləri deyil, həm də ruslar hücum edirdi. Ruslar açıq şəkildə öz dillərində danışırdılar. Təxminən gecə saat 02:00 radələrində məktəbin ətrafına yığışanlar da şəhəri tərk etməyə başladılar. Mənim olduğum dəstə şəhərin aşağı tərəfindən asfalt və dəmir yolunu keçərək ermənilərin yaşadığı Kətik kəndi istiqamətində meşəyə girmişdilər. Dağlıq ərazidə xeyli yuxarı qalxdıqdan sonra sol tərəfə, Ağdam şəhəri istiqamətində getməyə baş­ladıq. Meşədən baxarkən Xocalı şəhərinin hər tərəfindən alov qalxdığının şahidi olduq. İşıq düşdükcə ətrafa qaçan adamların atəş nəticəsində yerə sərildiyi görünürdü. Naxçıvanlı kəndinin aşağı tərəfi istiqamətində meşədən çıxmaq istəyirdik ki, qəflətən hər tərəfdən atəşə tutulduq. Təxminən 50-60 erməni silahlısı bizə yaxınlaşaraq girov götürdülər və onlarla getməyi tələb etdilər. Girovların arasında 13 qadın var idi. Onları Əsgəran rayonuna aparıb 12 metr uzunluğu olan zirzəmiyə salıb, iki gün ac-susuz saxlayıb, qadınların başına hər cür oyunlar açmışdılar. Yalnız uşaqlara acından ölməmək üçün bir parça çörək və neftli vedrədə su verirdilər. Ayın 28-də bizi buraxacaqlarını deyərək Ağdam istiqamətindəki posta gətirərək azad etdilər. Ancaq aramızda olan 3 nəfər gənc gəlini isə buraxmadılar. Onlardan birinin adı Elza idi. Ermənilər girovlara deyirdilər ki, sizin hamınızı qıracağıq".

    "Erməni isə uşağın qışqıraraq ağlamasına məhəl qoymadan bıçaqla qulağını kəsib sırğanı götürdü"
    Abdullayeva Sənəm Həsən qızı - 1962-ci ildə Azərbaycanın Xocalı şə­hərində doğulub. 26 fevral 1992-ci il tarixdə girov götürülüb, 5 mart 1992-ci ildə azad edilib.

    O ifadəsində bildirib ki, 1992-ci ilin fevralın 25-də yaşadıqları Xocalı şəhərinə şiddətli hücum başlanan zaman, onlar həmişəki kimi atəşdən qorunmaq üçün hazırladıqları sığı­nacağa girib və gecə saat 2-yə kimi orada qalıblar: "Ancaq əvvəlkilərdən fərqli olaraq atışma dayanmadığı üçün sığı­na­caqdan çıxmağa məcbur olduq. Başıaçıq, ayaqyalın vəziyyətdə atam Hə­sənov Həsən, anam Həsəno­va Göyçək, bacılarım - 25 yaşlı Orucova Xədicə, 20 yaşlı Həsənova Təzəgül, 8 yaşlı Lətafət, qızlarım - 4 yaşlı Vüsalə, 1 yaşlı Xəyalə və qardaşım oğlu Orucov Ruslanla birlikdə meşəyə qaçdıq. Tələsiklikdə isti paltar da götürə bilməmişdik. İmək­ləyə-iməkləyə qayanın dibinə girdik. Güllə dəyməsin deyə, nənəm balaca uşaqları dalına şələləmişdi. Dörd-beş saat getdikdən sonra hamımız yorulub əldən düşmüşdük. Artıq hərəkət etməyə taqətimiz yox idi. Min bir çətinliklə ocaq qaladıq. Qəfildən nənəmin yerə uzanıb sayıqladığını gördüm: “Balalarımı yandırırlar! Balalarımı yandırırlar!” – deyərək nənən can verirdi. Az keçməmiş yazıq arvad keçindi. Meyiti özümüz ilə götürməyə gücümüz çatmadı. Qorxu içində, soyuqdan donmuş halda bir gün yol getdik. Fevralın 27-i saat 10:00 radələrində bacım Lətafət də şaxtadan donaraq öldü. Növbəti dəfə oturub dincələrkən atam ocaq qaladı və bir az isindik. Bu vaxt böyük qızım Vüsaləni ölmüş bilib qarın üstünə qoymuşdum, kiçik qızım Xəyalə isə kürəyimdə idi. Orada bacım Xədicə də öldü. Bütün bunlara dözməyən atam Həsənov Həsən yerə uzandı. Əvvəlcə elə bildik ki, yorulub yatıb. Birdən atamın bu halından şübhələndim və onu silkələməyə başladım, lakin o, artıq tərpənmirdi, baş verənlərə dözməyən atamın ürəyi partlamışdı. Doğmalarımızın meyitlərini meşədə qo­yub göz yaşları içində yolumuza davam etdik. Bizimlə birlikdə olan bibim qızı Behbudova Gülbahar da meşədə yol gələrkən donub qaldı. Dəstədə olan hər kəs artıq ölümünü göz­ləyirdi. Üç gün yol getdikdən sonra irəlidə işıqları yanan kənd gördük. Lakin yaxınlaşanda oranın ermənilərin yaşadığı Pircamal kəndi olduğunu anladıq. Saat 08:00 radələrində silahlı iki erməni atəş aça-aça yanımıza yaxınlaşdı. Bu vaxt ermənilər hər tərəfdən üstümüzə töküldülər. İlqar adlı bir oğlan ermənilərin əlinə keçməmək üçün özünü güllə ilə vuraraq öldürdü. Pircamal kəndinin ərazisi­ndə anam Göyçək Həsənovanın da ürəyi partlayaraq öldü. Ailədən ancaq qadın və uşaqlar qalmışdı. Ermənilər yerindəcə onların üst paltarlarını, üzük və sırğalarını, sənədlərini, əmanət kitabçalarını, pulla­rını - bir sözlə gördükləri bütün əşyalarını qarət etdilər. Yolda ermənilər Vəliyəddin adlı bir oğlanın qolunu burub sındırdılar. Silahlı ermənilər girovları qabaqlarına salaraq döyə-döyə kəndə gətirdilər və ba­laca bir daxmaya saldılar. Daxmaya girəndə 25 yaşlı kənd sakini İsmayılın da orada olduğunu gördük. 4-5 erməni İsmayılı təpik altına salaraq top kimi vurur, avtomatın qundağı ilə başına və bədəninə zərbələr endirirdilər. Orada bizi təkrar olaraq soydular, paltarlarımızın altında gizlətdiyimiz hər şeyi əlimizdən aldılar. Mənim 18 min manat pulumu, xatirə üçün götürdüyüm anamın protez qızıl dişini də əlimdən aldılar. Qızlarım Vüsalənin və Xəyalənin qulaqla­rındakı qızıl sırğaları belə zorla dartaraq çıxartdılar. Vüsalənin sırğası sapla bağlandığı üçün onu çıxara bilməyən erməni bıçaq çıxaranda Vüsalə qışqırtdı. Erməni isə uşağın qışqıraraq ağlamasına məhəl qoymadan bıçaqla qulağını kəsib sırğanı götürdü. Sonra bütün girovları gətirib Pircamaldakı heyvan tövləsinə saldılar. Orada çoxlu qadın və uşaqlar var idi. Bizi bir gecə Pircamalda saxladılar. Orada 100-ə qədər girov saxlanılırdı. 150-200 silahlı erməni tövləni mühasirəyə almışdılar, aralarında 5-6 nəfər rus da var idi. Azərbaycan Milli Ordusunun geyimində olanları seçib ayırır, çölə çıxarıb güllələyirdilər. Aralarında olan gənclərdən Şahmalı müəllimin oğlanları - Yaşar, Namiq və Faiq Əlməm­mədovları, Kamil Cəmil oğlu Məmmədovu, İsmayıl Mu­rad oğlu Osmanovu və Ahıska türkü olan 6 cavan oğlanı tanıdım. Əlməmmədov Faiq Şahmalı oğlu ermənilərin bütün söyüş və təhqirlərinə cavab qaytardığı üçün onu döyə-döyə öldürdülər. 13 nəfərədək cavan oğlanı bayıra çıxarıb, sonra aparıb erməni qəbirlərinin üstündə qurban kəsəcəklərini bildirdilər. Fiziki işgəncələrlə yanaşı, girovlara mənəvi-psixoloji işgəncələr də verirdilər. Bir erməni tez-tez içəri gələrək bizə iynə vuracaqlarını deyirdi. Hamı qorxu içində idi. Orada tez-tez qarayanız, qulağı sırğalı şəxsləri də görürdük. Onların xaricdən gəlmiş ermənilər olduğunu öyrəndik. Hamısı hündürboylu və əzazil görkəmli idi. Onlar əsir-girovlara daha çox əzab verirdilər. Uşaqlarım acından ağlayırdı, lakin qoca bir yerli erməni gözətçiyə: “O uşağa çörək verməyin, qoyun acından ölsün” deyirdi. Həmin qoca erməni, əsir-girovlara nifrət edirdi, çox qəddar idi. Bütün ermənilər girovları təpikləyir, qəddarcasına döyürdü. Oradan girovları əvvəlcə Xankəndinə, bir neçə gündən sonra isə Əsgəran milis idarəsinə apardılar. Milis idarəsində də girovların başına olmazın müsibətlər gətirdilər. Uşaqlar acından, soyuqdan və qorxudan ağlasa da onlara belə yemək vermirdilər. Əsgəranda bir saqqallı erməni mənə yaxınlaşaraq uşaqlarının atasının harada olması ilə maraqlandı. Mən isə onun bir neçə il əvvəl öldüyünü bildirsəm də, saqqalı mənim yalan dediyimi və ərimin milli orduda xidmət edərək onlara güllə atdığını dedi və əlindəki rezin dəyənəklə məni o qədər döydü ki, huşumu itirdim. Orada Yaşarı da o qədər döydülər ki, o da huşsuz halda yıxılaraq qalmışdı. 1992-ci ilin martın 5-də uşaqlarımı və məni ölümcül halda gətirib dəyişdilər. Azad edildikdən sonra sağ və sol ayağımın hər birinin 2 barmağı, qızım Vüsalənin 9 ayaq barmağı, bacım Xədicənin isə hər iki ayağı topuğa qədər amputasiya edildi. Qızım Vüsalə o vaxtdan bəri əli bıçaqlı adam görəndə “Erməni məni öldürür, erməni məni öldürür!” – deyərək qışqırır. Azad edildikdən sonra üç-dörd ay uşaq özündə olmadı, elə hey saçlarını yolur, tez-tez diksinir, qışqırıb ağlayırdı".

    "Erməni isə uşağın qışqıraraq ağlamasına məhəl qoymadan bıçaqla qulağını kəsib sırğanı götürdü" — Xocalı sakinləri danışır

    "Ermənilər ruhi xəstə qızımın üstünə benzin tökərək yandırdılar"

    Ağayarov Yunus Behbud oğlu - 1930-cu ildə Azərbaycanın Xocalı şəhərində doğul­ub. 26 fevral 1992-ci ildə girov götürülüb, 1992-ci ilin martın 30-da azad edilib.

    O ifadəsində bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun Xocalı şəhərinə hücumu zamanı girov götürülüb: "Həmin gün mən, həyat yol­daşım Kübra və ruhi xəstə olan qızım Züleyxa ilə evdə idim. Bu zaman oğlum İsaq evə gələrək “Niyə oturmusu­nuz? Ermənilər şəhərə dolublar” – dedi. Bu xəbəri eşidən kimi evdən çıxaraq çaylağa (suyu qurumuş çay yatağı –tərt.) tərəf getdim və oraya yığışmış şəhər sakinlərinə qoşuldum. Bu vaxt ailə üzvlərimin yanında olmadığını gördüm, geriyə baxanda oğlum İsaqın anasını gətirməsinin şahidi oldum. İsaq nə qədər israr etsə də, bacısı Züleyxanın gəlmədiyini dedi və anası Kübranı atasının yanında qoyaraq bacısını gətirmək üçün təkrar evlərinə qayıtdı. Ancaq İsaq evə qayıdarkən Ermənistan hərbçilərinin bacısı Züleyxanı həyətə çıxarıb tut ağacının altında üstünə benzin tökərək yandırdıqlarını görüb. Bu barədə atama bir söz demədim, nə qədər yalvarsa da, bacımın gəlməkdən imtina etdiyini bildirdim. Bir qədər çaylaqda qaldıqdan sonra camaat oradan çıxıb təzə tikilmiş “fin” evlərinə yığışmışdı. Səhər açılanda yenidən atışma düşdü, hərə bir tə­rə­fə qaçdı. Bu vaxt oğlum ilə həyat yoldaşımı itirdim. Yanımdakı oğlanı ayağından vurmuşdular. Yaralı oğlan onu qoyub qaçmasınlar deyə, qışqırırdı".

    Y.Ağayarov onun yanına qayıdıb və elə bu vaxt Ermənistan hərbçiləri onları girov götürüblər. Ca­nını qurtarmaq üçün meşəyə qaçan adamları da ermənilər tutub, pullarını, zinət əşyalarını və sənədlərini alıb Əsgəran rayon milis idarəsinə apararaq zirzəmiyə salıblar. Y.Ağayarovu da Əsgərana aparıblar. Əsgəran milisində qonşu Noraguh kəndində yaşa­yan milliyətcə erməni Baha­duru görüb. Bahadur onun üçün öz evindən çörək və paltar gəti­rərkən oğlu paltarları ondan alıb və “görsələr, səni də, onu da, öldü­rəcəklər. Çıx get evə, axşam mən özüm ona verərəm” - deyib. Bahadurun adını unut­duğu nəzarətçinin oğlu, gecə Y.Ağayarova kartof, paltar və isinmək üçün otla dolu küp verib. Bahadurun oğlu, səhər tezdən ermənilərin girovlara soyuqdəymə adı ilə vuracaqları iynədən imtina etməyi ona tapşırıb. O, həmin dərmanın sonradan zəhər­ləyib öldürəcəyini də bildirib. Bu söhbətdən az vaxt keçdikdən sonra kameraya daxil olan 2 həkim İbrahimə (Xocalının Qaçqınkənd kənd sakini, girovluqdan azad olunduqdan 6 ay sonra ölüb – report.az.), Hü­seyn Nəriman oğluna və Osmanov Cüməli Bahadur oğluna iy­nə vurublar. Orada girovlara iynə vuran ermənilərdən birinin əvvəllər Sum­qayıt şəhərində yaşa­dığını eşidiblər. Nəfəslikdən baxan bir erməni, Hüseyn Nəriman oğlunu tanıdığını bildirərək içəri girib, yumruqla vuraraq ağzını partladıb və aldığı zərbədən onu qa­n aparıb. Sonra isə, ermənilər bütün girovları kameradan bayıra çıxarıb və Əsgəran milis rəisinin göstərişi ilə 25-26 yaşlarında olan uca boylu, dolu bədənli erməni əsgər Hüseyn Nəriman oğlunun başını xən­cərlə kəsib. Hüseynin kəsilmiş başını və bədənini isə girovlara daşıtdıraraq quyuya atdırıblar. Hüseynin qanına bulaşmış paltarlarını isə ermənilər Yunusa və İbrahimə yu­durdublar. Bu hadisədən sonra əvvəllər Sumqayıtda yaşamış nəzarətçi Y.Ağayarovu, İbra­himi və Xankəndində yaşamış, sonradan Xocalıya köçmüş adını bilmədiyi bir nəfəri milis rəisinin otağına aparıb.

    Y.Ağayarovun sözlərinə görə, otaqda təqribən 20 yaşlı girov bir qız və 15-16 yaşlı bir oğlan da var imiş: "Qız çılpaq vəziyyətdə çarpayıda uzanmış, oğlan isə geyimdə onun yanında əyləşmişdi. Qızı bizə göstərən erməni nəzarətçi: “Ara, deyirdiniz ki, biz namusluyuq, qeyrətliyik” - deyərək qızı zorladığını bildirdi. Bunu eşidən Xankəndindən Xocalıya köçmüş girov “Biz namuslu gəlmişik, namuslu da öləcəyik, onu apar posta və barmağınla toxun, səni dişləri ilə didər” - cavabını verdi. Girovun bu cavabından sonra, milis rəisinin göstərişi ilə ermənilər onu stolun ayağı və rezin dəyənəklə döyərək yerə yıxdı və xəncərlə başını kəsdilər. Onun da meyitini girovlara daşıtdırıb quyuya atdırdılar. Dəhlizə tökülmüş qanı isə mənlə İbrahimə yu­durt­dular. Əsgəran milis idarəsində saxlanarkən girovlara əvvəlki 2 gündə azacıq çörək və su versələr də, sonradan heç nə vermədilər. Hamı kimi, məni də soyuqda üst paltarsız, ac-susuz saxladılar. Bir tikə çörək verəndə də üstünə tüpürüb verirdilər. Girovları hər gün taxta parçaları və rezin dəyənəklərlə döyürdülər. Həmkəndlim Al­lahverdiyev Mirzənin qızıl dişlərini çəngəllə çı­xartdılar, qalan dişlərini isə yumruqla vurub sındırdılar".

    Yunus Ağayarov 1992-ci ili martın 30-da girovluqdan azad edilib.


    "Erməni isə uşağın qışqıraraq ağlamasına məhəl qoymadan bıçaqla qulağını kəsib sırğanı götürdü" — Xocalı sakinləri danışır

    "Uşağmın donduğunu hiss edərək onu kürəyimdən yerə qoydum. Əynindəki paltonu çıxarıb meyiti bükdüm və yanında oturaraq ağlamağa başladım"

    Ağayev Səttar Muxtar oğlu - 1937-ci ildə Azərbaycanın Xoca­lı şəhə­­rində doğulub. 25 fevral 1992-ci il tarixdə girov götürülüb, 5 aprel 1992-ci il tarixdə azad edilib.

    O ifadəsində bildirib ki, 1992-ci il fevral ayının 25-də Ermənistan silahlı qüvvələri yaşadığı Xocalı şəhərinə hücum ediblər. Mülki əhali şəhəri qorumaq üçün durduqları postdan geri çəkilməli olub. Səttar Ağayev evinə gələrkən qapının bağlı olduğunu görüb. 11 yaşlı oğlu isə küçədə ağlayırmış. Tez onu götürüb meşəyə tərəf qaçıb: "Şəhər hər tərəfdən mühasirəyə alınaraq atəşə tutulur, qoca, qadın, uşağa fərq qoyulmadan hər kəs qətlə yetirilirdi. Əhali canını qurtarmaq üçün şəhərin ətrafındakı meşələrə üz tuturdu. Şiddətli qar yağırdı, hava çox soyuq idi. Adamlar meşəyə səpə­lə­nərək xilas yolu arayırdılar. Ancaq üz tutduğumuz hər yerdə Ermənistan hərbçilərinin atəşi ilə qarşılaşırdıq. Meşədə 1982-ci il təvəllüdlü oğlum Allahverdini güllə ilə vurdular. Uşağımı kürəyinə götürərək bir xeyli getdikdən sonra qarın içində ayaqqabılarımı itirdim. Meşə qalın qarla örtülmüşdü, hava çox soyuq idi, şaxta insanın nəfəsini dondururdu. Artıq hara getdiyimi bilmirdim. Həm də ayaqyalın olduğumdan qarın içində hərəkət etmək çətin idi. Bu vaxt uşaq donduğunu deyərək çörək istədi. “Bir az da döz, bala, çatmışıq” - dedim. Ancaq bir azdan uşağın donduğunu hiss edərək onu kürəyimdən yerə qoydum. Əynindəki paltonu çıxarıb meyiti bükdüm və yanında oturaraq ağlamağa başladım. Göz yaşları içərisində oğlumun meyitini oradan çıxarmaq istərkən silahlı erməni dəstəsi tərəfindən girov götürüldüm".

    Onu ermənilərin yaşadığı Dəhraz kəndində yerləşən fer­maya gətiriblər. Meşədə şaxtadan ayaqla­rı və əlləri donduğundan hərəkət edə bilmirmiş. Heç oğlunun meyitini götürməyə də icazə verməyiblər. Fermanın pəncərələrinin şüşələrini də vurub qırıblarmış ki, daha da soyuq olsun. Axşam iki erməni nəzarətçi onu girov­ların yanından çıxarıb bir otağa aparıblar. Orada onu qayışla, zəncirlə, avtomat qundağı və təpiklə döydükdən sonra adi kəlbətinlə bütün dişlərini çıxarıblar. Ağ­zı qanla dolduğundan nəfəs ala bilmirmiş, ermənilər isə onu dayanmadan döyürmüşlər. Döyülməkdən huşunu itirib, ayılanda isə yenidən fermadakı girovların yanında olduğunu görüb. Xocalı sakinləri Səməndər İsmayılov, Abbasov Qədim Məmmədvəli oğlu, Abbasov Ələmdar Məmmədvəli oğlu, Vəliyev Əşrəf Mə­həm­məd oğlu da orada imiş. Ermənistan hərbçiləri ondan Milli Orduda oğlunun olub-olmamasını soruşublar. Orduda heç kəsinin olmadığını söyləyib. Bu vaxt bir erməni əlində oğlu Zahid Ağayevin pasportunu göstərərək “bu, sənin oğlun deyil?" – soruşub. O, bunu inkar etdikdə, qolundan tutaraq oğlu Zahidin meyitinin yanına gətirərək “budur sənin oğlun” – deyiblər. Meyiti görən S.Ağayevi ağlamaq tutub. Buna baxmayaraq, ermənilər onu yenə də döyməyə başlayıb və bütün günü meyitlə bir kamerada saxlayıblar. Ertəsi gün onu başqa bir binaya aparıblar. Orada 300 nəfərə yaxın Xocalı sakinini görüb. Orada ermənilər: “Bir nəfərimizi öldürmüsünüz, əvəzində 13 nəfəri öldürə­cəyik” - deyərək 13 nəfər cavan oğlanı seçərək zorla yaxınlarından ayırıb və naməlum istiqamətdə aparıblar. Fevralın 29-da isə onunla birlikdə 18 nəfəri seçib Xankəndinə aparıblar. O­rada onu və daha 50 nəfər azərbaycanlını soyuqda beton döşəmənin üs­tün­də saxlayıb, müntəzəm olaraq döyüblər. Meşədə olarkən don vurmuş ayaqları artıq çürüməyə başlayıbmış. Şiddətli ağrı­lara dözə bilmə­diyindən erməni­lərə onu öldürmələrini təklif edib. Bir erməni həkim ayağına baxaraq hər ikisinin dizdən aşağı kəsilmə­sinin vacib olduğunu deyib. Buna baxma­ya­raq, erməni nə­za­rətçilər onu döyərkən məhz ayaqlarını tə­pikləyir, ona bu cür işgəncə ve­rirlərmiş. Ağayev Səttar Muxtar oğlu 1992-ci il aprelin 5-də girovluqdan azad edilib.

    "Erməni isə uşağın qışqıraraq ağlamasına məhəl qoymadan bıçaqla qulağını kəsib sırğanı götürdü" — Xocalı sakinləri danışır

    "Ermənilərin qızıma sataşmasının şahidi olmamaq üçün məcbur olub əlimdəki tir tüfəngi ilə öz balasımı, sevimli qızımı güllələdim"

    Aslanov Qəyyum Bəhram oğlu - 1939-cu ildə Azərbaycanın Xo­calı şəhərində doğul­ub.1992-ci il fevralın 26-də girov götürülüb, 1992-ci il aprelin 12-də azad edilib.

    O, ifadəsində bildirib ki, 1992-ci il fevralın 25-i gecə saat 22-23 radələrində yaşadıqları Xocalı şəhərinə genişmiqyaslı hücum başlayıb. Bütün gecə atışma davam edib. Güclü qışqırıq səsləri eşidilib. Q.Aslanovun yalnız tir tüfəngi var imiş. Ermənistan hərbçiləri artıq şəhərə dolubmuşlar. O başa düşüb ki, artıq qaçmaq gecdir, hasara qısılıb gizlənib, nə edəcəyini bilməyib. hücumdan əvvəl ailəsini şəhərdən çıxardığı helikopterdə yer olmadığı üçün anadangəlmə xəstə olan 17 yaşlı qızı Gülsabah evdə qalıbmış. Ermənilərin həyətə dolduğunu və qızını evdən bayıra çıxararaq, ona sataşmaq istədiklərini görən Q.Aslanov bu səhnənin şahidi olmaması üçün məcbur olub əlindəki tir tüfəngi ilə öz balasını, sevimli qızını güllələyib. Özü isə şəhərdən çıxan adamlara qo­şularaq qaçıb. Növbəti gün səhər saat 7 radələrində onun da olduğu 5-6 nəfərlik dəstə mühasirəyə düşüb. Müqavimət göstərmək mümkün olmadığı üçün girov götürülüb. Onlar girov götürüldükləri vaxt Məmmədov Saday yaralı halda çayın içində qalıb. Onunla birlikdə Xocalının müdafiəsi zamanı dinc əhalini müdafiə edərək qəhrəmancasına şəhid olmuş milis zabiti, Azərbaycanın Milli qəhrəmanı Əlif Hacıyevin atası Məm­mədov Lətif Süleyman oğlu, anası Əliyeva Filyar Əmrah qızı, bacısı Yeganə və qardaşı Süleyman da girov götürülüb. Girov götürülərkən Ermənistan hərbçiləri onları qəd­darcasına döyüblər. Q.Aslanov uzun illər bir yerdə yaşadıqları yerli erməniləri yaxşı ta­nıdığı üçün hücum edənlərin arasında daha çox Yerevandan gəlmiş xü­susi təyi­nat­lı qüvvələrin olduğunu vurğulayır. Onların əllərindəki silahlar da fərqli imiş və daha çox amerikan və rus avtomat silahları ilə silahlanıbmışlar. Onları əvvəlcə Xocalı şəhərindəki dükana yığıblar. Ora­da çox adam var imiş. Hamı­sını tanınmaz dərə­cədə döy­üblərmiş.

    Q.Aslanovun sözlərinə görə, Süleymanı o qədər döy­üblərmiş ki, huşsuz və ya­rım­can halda imiş: "Sonra bir lafet gətirib hamını ora doldurdular. Son gücümü top­layaraq meyit kimi düşüb qalmış Süleymanı da lafetə qaldırdım. Hamını üst-üstə yığıb Xankəndi milis şöbəsinə gətirdilər. Milis idarəsinin həyətində girovları soyundurub qarın üstünə uzatdılar. Orada hərbçilər və milislərlə yanaşı, yerli əhali də girovları zopa, də­mir dəyənək və armaturlarla dözülməz dərəcədə döydülər. Uşağa-qo­ca­ya, qadına-kişiyə baxmır, haradan və necə gəldi, vəhşi­cəsinə vururdular. Sonra sürüyüb dar kameralara atdılar. Halsız vəziyyətdə ka­meraya qədər sü­rünsəm də, sonrasını xatırlamıram. Bu işgəncədən sonra bir ay heç kimi tanı­madım. Məni kamerada dörd nəfərlə birlikdə saxlayırdılar. Yal­nız bir nəfəri - Bakı şə­hə­ri, Binə qəsəbə­sindən olan El­çini xatırladım. Başından yaralı olan Elçini hamıdan çox döyürdülər. Sonra onu çıxarıb 11 nömrəli kameraya saldılar. Şəhər sakinləri Qənahət, Əş­rəf, Kamil, Əbülfət, Hü­seyn, Abbasov Qədim, Qədimin qardaşı oğlu, Əli də o kamerada idi. İşgəncələrin isə sonu görünmürdü. Xan­kən­dində dörd dişimi adi çəngəllə çı­xartdılar. Mart ayının 17-də isə Xocalı sakini Salahov Məhəm­mə­­din başını erməni qəbrinin üs­tün­­­də kəsdilər".

    Qəyyum Aslanov 1992-ci il aprelin 12-də girovluqdan azad edilib.

    "Erməni isə uşağın qışqıraraq ağlamasına məhəl qoymadan bıçaqla qulağını kəsib sırğanı götürdü" — Xocalı sakinləri danışır

    Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım törədiblər. Soyqırım zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

    Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etdiyi zaman əsir, girov götürülən və sonra azad edilən azərbaycanlıların bir qisminin ifadələri əsasında “Erməni əsirliyində: işgəncə və qətli antologiyası” adlı kitab çap olunub. Kitab Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilib.
    loading...