• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin apreli

müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 aprel. Prezident Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşdü.

2 aprel. Türkiyənin Qars vilayətinin nümayəndə heyətini qəbul etdi.

7 aprel. Respublika sarayında “Bakılı oğlanlar”ın yeni proqramlarına baxdı.

8 aprel. Qurban bayramı münasibətilə Mirmövsüm ağanın ziyarətgahında keçirilən mərasimdə nitq söylədi.

10 aprel. ABŞ Konqresinin Maliyyələşdirmə Komitəsinin sədri Robert Livinqstonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

12 aprel. Milli Dram Teatrında Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” pyesinin tamaşasına baxdı.

13 aprel. Belçika Krallığının Baş naziri Jan Lük Dean ilə görüşdü.

17 aprel. ABŞ Ticarət Departamentinin MDB ölkələri üzrə müşaviri və əlaqələndiricisi Yan Kalitskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

18 aprel. Şəhidlər xiyabanında ucaldılacaq abidə kompleksinin layihə müəllifləri ilə görüşdü.

21 aprel. Türkiyənin enerji və təbii qaynaqlar naziri Cumhur Ərsümərin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

22 aprel. Konstitusiya Komissiyasının “Azərbaycan Respublikası prezidentinin seçkiləri haqqında” qanun layihəsinə həsr olunmuş iclasında çıxış etdi.

23 aprel. Xalq şairi Mirvarid Dilbazinin 85 illik yubiley tədbirində nitq söylədi.

24 aprel. ABŞ senatoru Corc Mitçeli qəbul etdi.

26 aprel. Türkiyədə işgüzar səfərdə oldu.

28 aprel. MDB ölkələri dövlət başçılarının Zirvə görüşündə iştirak etdi.

30 aprel. İsrail dövlətinin yaranmasının 50 illiyi şərəfinə rəsmi qəbulda nitq söylədi.

X X X

Xalqımız 70 illik sovet rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, dini-mənəvi dəyərlərini unutmamış, onları gizli də olsa yaşatmışdı. Dövlət müstəqilliyinin bərpası ilə bu sahədə də yeni ab-hava yarandı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətlərini nizamlayan qanunlar qəbul olundu. Dövlət din sahəsinə xüsusi qayğı göstərməyə başladı: yeni ibadət ocaqları inşa olundu, dini bayramların yüksək səviyyədə keçirilməsi təmin edildi. Ümummilli Lider dini məkanları ziyarət edir, din xadimləri və dindarlarla görüşürdü. Bu görüşlər zamanı dini dəyərlərdən söhbət gedir, İslamın milli-mənəvi kimliyimizin ayrılmaz tərkib hissəsi olduğu vurğulanırdı.

1998-ci il aprelin 8-də Ulu Öndər Qurban bayramı münasibətilə Mirmövsüm ağanın ziyarətgahında oldu. Burada keçirilən mərasimdə çıxış edərək vaxtilə qadağalara, məhrumiyyətlərə, hətta cəza tədbirlərinə baxmayaraq xalqımızın dini dəyərləri dəyanətlə qoruyub saxlamasından danışdı: “Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, İslam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dini dəyərləri - hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələri unutmayıbdır. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar. Bu onu göstərir ki, bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır. Biz, bizim nəsil, hamımız birlikdə - indi yaşayan insanlar xoşbəxtdirlər ki, bu günə gəlib çatmışıq, bizim müstəqil ölkəmiz, müstəqil dövlətimiz var, öz taleyimizin sahibiyik, dini, mənəvi, milli adət-ənənələrimizi bərpa etmişik və daha da geniş təbliğ edirik”.

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi və bu sınaqdan üzüağ çıxdı. Bu gün hamımızın and yerinə çevrilən Şəhidlər xiyabanında ucaldılan abidə kompleksinin hazırlanmasına xüsusi həssaslıqla yanaşan Ulu Öndər 1998-ci il aprelin 18-də kompleksin layihə müəllifləri ilə söhbət etdi, onlara öz tövsiyələrini verdi: Bu kompleks əzəmətli və sadə olmalıdır.

Sitat: Bu meydanda təkcə 20 Yanvar şəhidlərinin xatirəsini yox, Azərbaycan torpaqlarının azadlığı və suverenliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini əks etdirən abidə kompleksi ucaldılmalıdır. Burada məşəl, od yanmalıdır. Bura bizim əhalimiz üçün, eyni zamanda, Azərbaycanı ziyarət edənlər üçün əsas müqəddəs yer olsun. Necə ki, dünyanın bir çox ölkələrinin paytaxtlarında belə bir abidə vardır. Çünki bu xiyabanda uyuyanlar həm 20 Yanvar faciəsi zamanı, həm də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində, müharibə aparılan zaman şəhid olanlardır. Burada keçmişdə də qəbiristanlıq olmuşdur. Ona görə də bura gərək müqəddəs bir yer elan edilsin. Bu barədə layihə əzəmətli və sadə olmalıdır.

Şəhidlər xiyabanı bu gün doğrudan da həm sadəliyi, həm də əzəməti ilə diqqət çəkir. Burada zaman-zaman təkmilləşdirmə işləri aparılıb və nəticədə şəhidlərimizin və xalqımızın qəhrəmanlıq ruhunu parlaq şəkildə əks etdirən mükəmməl bir memarlıq ansamblı yaranıb.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr mədəniyyət tariximizə XX əsrin intibah dövrü kimi daxil olub. Dahi rəhbər Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə ehtiramla yanaşırdı. Sənətkara qayğı, istedadların üzə çıxarılması və dəstəklənməsi Ulu Öndərin siyasətinin prioritet istiqamətlərindən biri idi. Onun yazıçılarla, şairlərlə, incəsənət xadimləri ilə hər bir görüşü unudulmaz hadisəyə çevrilir, yaddaşlarda dərin iz qoyurdu. Xalq şairi Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş yubiley tədbiri də yaddaqalan hadisələrdən oldu. Mirvarid xanımın 70 illik məhsuldar yaradıcılığını Azərbaycan tarixinin, ədəbiyyatının ayrılmaz hissəsi, parlaq səhifələri adlandıran Ulu Öndər onun əsərlərinin neçə-neçə nəslə güc, inam verdiyini vurğuladı və şairəyə müraciətlə dedi: “Sizin əsərləriniz Azərbaycan xalqına - insanlara, gənclərə yüksək mənəviyyat hissləri aşılayır, insanları paklığa, mənəviyyata, ülvi duyğulara çağırır. Siz bütün əsərlərinizlə vətənimizə, xalqımıza sədaqətlə xidmət edərək, xalqımızın milli azadlıq yolunda öz payınızı vermisiniz. Sizin əsərləriniz insanlarımızda, xalqımızda, gənclərdə milli hisslər, duyğular, vətənpərvərlik, azadlıq hissləri, duyğuları oyadıb, dirçəldib, gücləndirib, inkişaf etdiribdir və bugünkü səviyyəyə gətirib çıxarıbdır”.

Prezident Heydər Əliyev yenicə müstəqilliyini qazanmış Azərbaycanın xarici ölkələrlə əlaqələrinin genişlənməsinə xüsusi önəm verirdi. Bu baxımdan Azərbaycan-İsrail münasibətlərini də qeyd etmək yerinə düşər. Ulu Öndərin İsrail dövlətinin yaranmasının 50 illiyi şərəfinə aprelin 30-da keçirilmiş rəsmi qəbulda iştirak etməsi və nitq söyləməsi bu dost ölkəyə xüsusi diqqətindən irəli gəlirdi. Heydər Əliyev çıxışında yəhudilərin əsrlər boyu ölkəmizdə azərbaycanlılarla dost və mehribancasına yaşadığını, indi isə dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayaraq dedi ki, bu amil Azərbaycan-İsrail arasında mövcud əməkdaşlığın gözəl nümayişidir.

Sitat: İndi Azərbaycan ilə İsraili bağlayan bizim dövlətlərarası münasibətlərimizdir. Ancaq bununla bərabər, Azərbaycanda əsrlər boyu azərbaycanlılarla yanaşı, yəhudilərin rahat və sərbəst yaşaması bizim bir xalq kimi xeyirxah, sülhsevər xalq olduğumuzu nümayiş etdiribdir. Azərbaycanda yəhudilərlə azərbaycanlılar arasında mövcud olan və tarix boyu hökm sürmüş dostluq münasibətləri buna əyani sübutdur. Bizim ölkəmizdə - müstəqil Azərbaycanda yaşayan hər bir kəs dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bərabər hüquqlara malik Azərbaycan vətəndaşıdır. Azərbaycanda yaşayan yəhudilər Azərbaycan xalqının bu tarixi ənənələrindən həmişə bəhrələnmişlər, indiki zamanda isə müstəqil Azərbaycan dövlətinin qayğısı altındadırlar. Bu amil də Azərbaycan ilə İsrail arasında mövcud olan ikitərəfli faydalı əlaqələrin və əməkdaşlığın gözəl bir nümayişidir. Ümidvaram ki, bizim bu əməkdaşlığımız, sıx əlaqələrimiz bundan sonra da davam edəcək və hər iki ölkə üçün, hər iki xalq üçün faydalı olacaqdır.

İsrail-Azərbaycan əməkdaşlığı ötən dövrdə daha da möhkəmlənib, yeni məzmunla zənginləşərək strateji xarakter alıb. Ulu Öndərin 25 il əvvəl dediyi kimi, bu əlaqələr hər iki xalqa fayda verməkdədir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →