• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

“Nizami Gəncəvi söhbətləri: Multikulturalizmə baxış” mövzusunda tədbir təşkil olunub

Hər il Şərq aləmində və dünyada Nizami Gəncəvinin xatirəsi ehtiramla yad edilir. Dahi şair-mütəfəkkirin vəfatının 814-cü ildönümü münasibətilə “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyi tərəfindən “Nizami Gəncəvi söhbətləri: Multikulturalizmə baxış” mövzusunda onlayn formatda tədbiri təşkil olunub.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Kembric Universitetinin professoru Kristin van Rimbeki, Türk dili və ədəbiyyatı tədqiqatçısı, professor Yavuz Akpınar, Tbilisi Dövlət Universitetinin professoru Maka Elbakidze, Atatürk Universitetinin dosenti Coşkun Ərdoğan, AMEA Əlyazmalar İnstitutunun işçisi, şərqşünas alim, filologiya elmləri doktoru Nəsib Göyüşov, AMEA Gəncə bölməsinin alimi, Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Tbilisi Dövlət Universitetinin kafedra müdiri, professor İrma Ratiani, Özbəkistan Milli Universitetinin kafedra müdiri, fəlsəfə elmləri doktoru Nigina Şermuhamedova və Atatürk Universitetinin professoru Nimet Yıldırım iştirak ediblər.

Çıxışlar zamanı Nizami Gəncəvi yaradıcılığında qırmızı xətlə keçən multikulturalizm prinsipləri, fərqli mədəniyyətlərə münasibət və dinc birgəyaşayış ənənələrinə dair maraqlı fikirlər səsləndirilib. Dahi şairin yaratdığı qəhrəmanlar xarakterizə olunub, maraqlı məqamlar diqqətə çatdırılıb. Bildirilib ki, vəfatından səkkiz əsr keçməsinə baxmayaraq, Nizami Gəncəvinin əsərlərində yer alan dəyərlər, səsləndirilən fikirlər bu gün də bəşəriyyəti birləşdirməyə davam edir.

Qeyd edilib ki, dahi Nizami Gəncəvi bəşər tarixinə “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan beş bənzərsiz söz, hikmət xəzinəsi ərməğan edib. O yalnız şair deyil, həm də öz dövrünün böyük mütəfəkkiri kimi tanınıb. Aldığı hərtərəfli dini və dünyəvi təhsil, sahib olduğu zəngin məlumat və dünyagörüşü onun fitri şairlik istedadı ilə birləşərək bizlərə gözəl sənət abidələri yadigar qoyub. “Xəmsə” məsnəvilər toplusu dünyanın bir sıra xalqlarının dillərinə tərcümə edilib.

Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →