• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Deputat: Ermənistanın mövqeyi onu müdafiə edən Qərb dövlətlərinin mövqeyi ilə ziddiyyət təşkil edir

Münaqişə ilə bağlı cinsi zorakılığın qarşısının alınması üçün gender bərabərsizliyinin və güc tarazlığının aradan qaldırılması, habelə normativ dəyişikliklər zəruridir.

Azərbaycan uzun müddət işğala məruz qalan ölkə kimi silahlı münaqişənin bütün mənfi tərəflərini yaşayıb. Qarabağ müharibəsi zamanı minlərlə azərbaycanlı qadın müxtəlif zorakılıqlara məruz qalaraq, ağır travma yaşayıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva qurumun qış sessiyasında “Münaqişə ilə bağlı cinsi zorakılıq” adlı məruzənin müzakirəsi zamanı çıxışında deyib.

Deputat bildirib ki, Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan, uşaq və qadınların qatili rolunda çıxış edən Ermənistan özünü “demokratiya adası” kimi təqdim etməyə çalışır.

“Burada qadınların zorakılığa məruz qalmasından danışırıq. Ziddiyyətli bir məqamı xatırlatmaq istəyirəm. Ermənistanın baş nazirinin xanımının İrana səfərinə toxunacağam. Qadınlara divan tutan rejimin təbliğat kampaniyasına Ermənistanın baş nazirinin həyat yoldaşının qoşulmasına nə ad vermək olar? Ermənistanın İranda keçirilən bu tədbirə qoşulması demokratiya və insan hüquqları mövzularında Qərb dövlətlərinin kollektiv mövqeyi ilə ziddiyyət təşkil edir", - deyə Könül Nurullayeva avropalı parlamentariləri cidd-cəhdlə müdafiə etdikləri Ermənistanın bu qəbuledilməz davranışına diqqət yetirməyə səsləyib.

Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağda həyata keçirdiyi milli fəaliyyət strategiyasından söz açan K.Nurullayeva bu fəaliyyətin Azərbaycan qadınları üçün də yeni dövrün başlanğıcı olacağını bildirib. Qeyd edilib ki, bu strategiyanın əsas hissəsi hüquqları pozulmuş azərbaycanlı qadınların azad olunmuş ərazilərə qayıtmasıdır. Azərbaycan hökuməti bu mövzunun əhəmiyyətini anlayır və silahlı münaqişələrdə cinsi zorakılığın qarşısının alınması ilə bağlı bütün təşəbbüsləri dəstəkləyir.

Milli Məclisin deputatı ölkəmizdə siyasi, iqtisadi və sosial sahələrdə gender bərabərliyinin vacibliyini vurğulamaq üçün bu sahədə beynəlxalq standartlara uyğun qanunvericilik bazasının hazırlandığını diqqətə çatdırıb. Vurğulanıb ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, risk altında olan qadınlar, uşaqlar və oğlanlar üçün daha qoruyucu qanunvericilik və siyasət bazası təmin edilib. O, eyni zamanda, kənd və ucqar yerlərdə əhaliyə xüsusi diqqət yetirməklə, cinsi təcavüz cinayətkarlarının cəzasızlığına son qoymaq üçün hökumətin həyata keçirdiyi səylərdən söz açıb.

K. Nurullayeva bütün tərəfləri silahlı münaqişə zamanı baş verən cinsi zorakılığın qarşısının alınması və bu problemin həlli ilə bağlı öhdəlik götürməyə, cinsi və gender əsaslı zorakılığa məruz qalmış şəxslərə yardım etmək məqsədilə humanitar xidmət təminatçılarının təhlükəsiz çıxışını təmin etməyin, təzminat ödəməyin vacibliyini bildirib. O, tövsiyələrinin cavab tədbirlərindəki boşluqları doldurmağa xidmət edəcəyinə ümid etdiyini bildirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →