• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Həmrəyliyin zəfəri

...Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"
Dünyanın ən böyük azərbaycanlısı Ulu Öndər Heydər Əliyev hər zaman azərbaycanlı olmağı ilə qürur duyduğunu böyük iftixarla bəyan edirdi.
Ulu Öndərin Yer üzündəki azərbaycanlıların dillər əzbərinə çevrilən bu sözləri həm də millətimizin parlaq gələcəyinin məhz azərbaycançılıq ideologiyası ilə sıx bağlı olmasına bir işarə idi.
Azərbaycan xalqı olaraq biz bu həqiqətə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində əyani şahid olduq. Həmin 44 gün ərzində xalqımızın hər bir üzvünün, eləcə də soy-kökü ilə Azərbaycana bağlı olan həmvətənlərimizin ölkəmizin dar günündə həmrəylik nümayiş etdirməsi, bütün cəbhələrdə savaşa atılması, müzəffər sərkərdə İlham Əliyevin "dəmir yumruğu"na çevrilərək düşmənin başını əzməsi sayəsində torpaqlarımız işğaldan azad edildi, Qarabağın ürəyi Şuşada Zəfər təntənəsi yaşandı.
Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi möhtəşəm həmrəylik isə Ümummilli Lider Heydər Əliyevin hər zaman təbliğ etdiyi azərbaycançılıq ideologiyasının məntiqi qələbəsi idi.



Sən azərbaycanlısan



"Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Ümummilli Lider Heydər Əliyevin vaxtilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində dediyi kimi, milli həmrəyliyimizin ideyasını azərbaycançılıq təşkil edir.
Ulu Öndər həmvətənlərimizin dünyanın harasında yaşamasından asılı olmayaraq ümummilli mənafeyimizə xidmət edəcək mənəvi öhdəliklərinin olduğunu deyirdi və qətiyyətlə bildirirdi ki, Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.
Xüsusilə də Ümummilli Lider xaricdə milli diasporumuzun təşkilatlanması məsələsinə böyük önəm verirdi. Xarici ölkələrə səfərləri zamanı Heydər Əliyev mütləq azərbaycanlılarla görüşlər keçirir, həmvətənlərimizi milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa çağırırdı. Azərbaycanlıların sıx təşkilatlanmasının həm də Azərbaycan dövlətinin milli mənafelərinin müdafiəsinə böyük töhfə verəcəyini, bunun hər bir azərbaycanlının mənəvi borcu olduğunu bildirirdi. 1997-ci ildə ABŞ-yə rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxış edən Heydər Əliyev xüsusilə qeyd etmişdi ki, siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər.



Azərbaycançılıq xalqımızı həmrəy edən milli ideologiyaya çevrildi



1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdaraq milli birliyə nail olan və faktiki olaraq Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmadan, ümumiyyətlə, bir dövlət kimi yox olmaqdan xilas edən Ulu Öndər şəxsi səyləri sayəsində azərbaycançılığı milli ideologiyaya çevirməyi bacardı, cəmiyyətimizdə həmrəylik yaratdı. Dahi siyasətçinin uzaqgörənliklə atdığı mühüm addımlardan biri isə dünyanın müxtəlif ölkələrinə səpələnmiş və bir-birləri ilə, o cümlədən Azərbaycanla sıx əlaqələri olmayan həmvətənlərimizin vahid ideya ətrafında birləşməsinə, millətindən, dinindən, dilindən asılı olmayaraq tarixi kökləri ilə Azərbaycana bağlı olan, özünü azərbaycanlı sayan hər kəs üçün sarsılmaz ideoloji birliyin bünövrəsinin yaranmasına şərait yaratdı.
2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında da Ulu Öndər Heydər Əliyev müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin təmin olunmasının vacibliyini xüsusilə vurğulamışdı. O, hamımızı həmrəy edən azərbaycançılıq ideyası ətrafında birləşməli olduğumuzun çağırışını etmişdi: "...İndi azərbaycanlıların bir müstəqil dövləti mövcud olduğu halda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır".
Bu tarixi qurultayda Ulu Öndər tərəfindən Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xüsusilə də Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri başlıca vəzifə olaraq qarşıya qoyulmuşdu. Milli birliyimiz sayəsində Qarabağ problemindən qurtuluşun mümkünlüyünə işarə vurulmuşdu.



"Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik"



Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin şəxsi səyləri sayəsində dünya azərbaycanlılarının ötən müddətdə baş tutan qurultayları, milli maraqlar uğrunda təşkilatlanması Vətən müharibəsində bizi zəfərə aparan başlıca güc oldu. Dünya azərbaycanlıları tarixin heç bir dönəmində olmadığı kimi bir amal ətrafında birləşdi və xüsusilə də həmvətənlərimiz beynəlxalq aləmdə informasiya savaşında haqq səsimizi çatdırdılar.
Həmin vaxt diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdilər.
Dünya azərbaycanlıları birliyimizin gücü ilə qazandığımız şanlı zəfəri 2022-ci il aprelin 22-23-də Qarabağın mivarisi Şuşada keçirdikləri qurultaylarında qürur və şərəflə qeyd etdilər. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edən Zəfər qurultayında dünya azərbaycanlıları bir daha öz sarsılmaz və əbədi həmrəyliklərini nümayiş etdirdilər.
Zəfər qurultayında çıxış edən müzəffər lider İlham Əliyev xatırlatdı ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilən birinci qurultayda Ulu Öndər dərin məzmunlu çıxışında eyni zamanda təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır: "Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir".
Milli həmrəyliyimiz sayəsində əldə etdiyimiz bütün bu uğurlar, möhtəşəm zəfərimiz Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu azərbaycançılıq ideologiyasının Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək tarixdəki ən yüksək məqamına, zirvəyə yetişdirilməsidir.
Əbəs deyil ki, hər zaman Ulu Öndərin xatirəsini uca tutan Azərbaycan xalqı Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi 15 İyun tarixini özünün Milli Qurtuluş Günü kimi qeyd edir.
Gələn ili - 2023-cü ili isə başdan-başa "Heydər Əliyev İli" kimi qeyd edəcəyik və müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini minnətdarlıqla anacağıq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →