• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Azərbaycan və İndoneziya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub

Dekabrın 6-da Cakartada Azərbaycanın Respublikasının Xarici İşlər Nazirliyi ilə İndoneziya Respublikası Xarici İşlər Nazirliyi (İR XİN-in Xarici Siyasət Strategiyası Agentliyi) arasında 3-cü ikitərəfli siyasi məsləhətləşmələr – “3-cü Siyasi Planlaşdırma Dialoqu” keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin Xarici Siyasət Strategiyası Agentliyinin rəhbəri, baş direktor Yayan GH Mulyana rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, perspektivləri, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəniyyət, təhsil, konsulluq məsələləri və sair istiqamətlər üzrə müzakirələr aparılıb. Habelə, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatının (İƏT), ASEAN/AIPA çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Müzakirələr zamanı nazir müavini E.Məmmədov 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu qeyd edərək, bu illər ərzində Azərbaycanla İndoneziya arasında istər ikitərəfli, istərsə də çoxtərəfli əsasda müxtəlif sahələr üzrə əməkdaşlıq gündəliyinin formalaşdığını və münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. O, 44 günlük Vətən müharibəsi də daxil olmaqla, İndoneziyanın ölkəmizə verdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədov qarşı tərəfə postmünaqişə dövründə bölgədə yaranan yeni inkişaflar, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın sülh gündəliyinin irəli aparılması, kommunikasiyaların açılması istiqamətində fəaliyyəti barədə qarşı tərəfi məlumatlandıraraq, eyni zamanda, Ermənistan tərəfindən törədilən təxribatların bölgədə sülhün və əmin-amanlığın təmin edilməsinə təhdid yaratdığını diqqətə çatdırıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
1
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →