• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

“44 günlük müharibədə Qazaxıstan, Türkmənistan və İrandan Ermənistana silah daşınıb” - Prezident

“44 günlük müharibədə Qazaxıstan, Türkmənistan və İrandan Ermənistana silah daşınıb” - Prezident

“Ermənistanda gözləntilər var idi ki, Rusiya Qarabağda müharibəyə müdaxilə edəcək. Bu, baş vermədi, çünki biz öz ərazimizdə döyüşürdük”.

Bunu Prezident İlham Əliyev Bakıda keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda “Rusiyanın Ermənistanın davranışına təsir edə biləcəyini düşünürsünüzmü?” sualına cavabında deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öhdəliklərə dair manipulyasiya cəhdləri edirdi:

“Lakin KTMT-nin mandatına üzv dövlətləri öz ərazilərində müdafiə etmək daxildir. Biz isə öz ərazimizdə döyüşürdük. Beləliklə, bu, baş vermədi. Bununla yanaşı, bu, hər kəsə məlumdur və biz 44 günlük müharibə zamanı bunu ictimai şəkildə dəfələrlə bəyan etdik ki, müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı.

Biz bütün marşrutları izləyirdik – Rostovdan və Mozdokdan silah daşınırdı. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər.

Biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu.

Yəni, vəziyyət belə idi və biz 44 günlük müharibənin bu hissəsini gizlətməməliyik. Lakin Ermənistanın gözləntiləri daha yüksək idi. Onlar hesab edirdilər ki, Rusiya ordusu bura gələrək separatizmi müdafiə edəcək. Bu isə baş vermədi. Orada müəyyən məyusluq var idi, ancaq işğal illəri ərzində bizim Ermənistan hökuməti və diasporunun necə fəaliyyət göstərməsi ilə bağlı məlumatımız var idi.

Onlar hesab edirdilər ki, bütün dünyanın onlara borcu var və kimsə gəlib onları müdafiə edəcək, onların əvəzindən döyüşəcək, gəlib onlara pul verəcək, digər yardım edəcək. Bunlar isə oturacaqlar və bu şübhəli “faciədən” sui-istifadə edəcəklər. Hər bir xalqın özünün tarixində faciəvi məqamları olub. Onların problemi isə ondan ibarətdir ki, onların ideologiyaları gələcəyə baxmaq əvəzinə şübhəli və qondarma tarixi faktlara əsaslanır.

Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından iki ay sonra – aprelin 19-da baş nazir Paşinyan Rusiyaya rəsmi səfər edib, bu, iki ölkə arasında münasibətlərin əla olduğunu nümayiş etdirir. Biz isə qonşuluqda olan ölkələr arasında münasibətlərin hər zaman yaxşı olmasının tərəfdarıyıq və bu, bizim sülh gündəliyimizin tərkib hissəsidir”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →