• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Prezident İlham Əliyev Vətən müharibəsində qazanılan Qələbə ilə tarixə düşdü

Ömrümün ixtiyar çağlarını yaşayıram. İnsan yaşa dolduqca həmişə dünyaya gəldiyi, uşaqlığını keçirdiyi, hər daşı, qayası ona doğma olan yurda can atır. Mənim də uzun illər o yerlər üçün burnumun ucu göynəyib. Amma harada idi o yerlər? Gecələr də qoyun-quzu otardığım, diş donduran buz kimi soyuq suyunu içdiyim bulaqları, ata yurdumuzu yuxuda görürdüm. Açığını deyəcəyəm, 1993-cü ilin iyulunda kəndimiz erməni quldur birləşmələri tərəfindən işğal olunandan sonra dünyadan küsmüşdüm. Müharibə bizim ailəmizin həyatını alt-üst etdi. Ərgünəş dağının ətəklərində yerləşən kəndimiz erməni vandallarının əsarəti altına düşdü. Bir günün içində, bir döyüşdə qardaşımın iki oğlunun ikisi də şəhid oldu. Çoxlu qohumlarım, həmkəndlilərim Qarabağ savaşının qurbanı oldu.

Bu sözləri Füzuli rayonundan olan keçmiş məcburi köçkün Əzim Şərifov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

O, fikrinə belə davam edib: “Bu qədər məhrumiyyətlərə dözəndən sonra Bakıda sığındığımız yataqxanada çoxlu itkilərimiz, çətinliklərimiz oldu. Açığını deyəcəyəm, Vətənə qayıtmaq, yurda dönmək arzusundan əlimi tamam üzmüşdüm. Üstəlik də son illər düşmən tərəfinin orada “keçilməz sədd” çəkdiyi, bunkerlər düzəltdiyi haqqında xəbərlər eşidəndə tamam ümidsizləşirdim. Doğrudur, hər axşam televizorun qabağında oturub Qarabağ müharibəsinin nizama salınması barədə aparılan danışıqları, bir-birini əvəz edən beynəlxalq missiyaların gediş-gəlişini, ayrı-ayrı ölkələrin məsələ ilə bağlı mövqelərini diqqətlə izləyirdim. Nə edəsən? Ümidi gələn saman çöpünə də əl atır. Görürdüm ki, bu məsələ düzələn işə oxşamır.

2020-ci ilin payızında başlanan Vətən müharibəsi, hər gün bir-birinin ardınca eşitdiyimiz xəbərlər, Milli Ordu əsgərlərinin şücaət və qəhrəmanlığı, igid oğullarımızda olan qisas hissi mənə elə vəcdə gətirdi ki, az qalırdım durub onların dalınca gedim. Əldə olunan möhtəşəm Zəfər öləziməkdə olan ümidlərimin üstünə gün işığı kimi doğdu. Üstündən iki ildən artıq vaxt keçib. İndi də inanmağım gəlmir: bu nə idi belə? Yuxu idi, nağıl idi, gerçək idi? Bəs 30 il haqqın yerini tapmağını, ədalətin zəfər çalmağını, dünyanın böyük güclərinin imdad göstərəcəyini gözləyəndən sonra ay yarımın içində gedib Şuşaya bayraq sancasan, bu nə möcüzə idi?”

“Mən nə siyasətçiyəm, nə politoloq, nə də hərbi mütəxəssis. Bu işə alqış düşür. Bu işin başında Prezident, Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” olmasaydı, onun illərdən bəri ölkəmizin iqtisadi və hərbi qüdrətini artırmaq üçün apardığı mübarizə, onun səyləri ilə dövlət-ordu-xalq birliyi yaranmasaydı, yüz il də qalsa, bu məsələ düzələn deyildi”, - deyə söhbət açan Əzim dayı ürək sözlərini belə yekunlaşdırıb: “Həmişə Heydər Əliyev siyasətinin, şəxsiyyətinin vurğunu olmuşam. Evimdə onun şəkilləri, kitabları olan xüsusi bir guşə var. Həmin guşədə Ulu Öndərin büstünü də saxlayıram. Bircə şeyi bilirəm: Prezident İlham Əliyev Vətən müharibəsində qazanılan Qələbə ilə layiqli varis, ata yolunun əsl davamçısı olduğunu sübut elədi və tarixə düşdü. Nə vaxtsa eşitdiyim bir şeir misraları var: “Bu millətin başında başçı da var, baş da var, Xalqına sahib duran əsl vətəndaş da var”. Mən bugünkü ad günündə Ulu Öndərin layiqli davamçısı, xalqımızın sevimlisi olan Prezident İlham Əliyevin ünvanına ən xoş arzu və diləklərimi ünvanlayır, tutduğu haqq yolunda işlərinin avand getməsi üçün dualar edirəm”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →