
Cəbrayıl rayon Tatar kənd tam orta məktəbində Şuşa ili və Xurşudbanu Natəvanın 190 illik yubileyi münasibətilə tədbir keçirilib.
XEBERTRV.AZ xəbər verir ki, 30.11.2022-ci il Cəbrayıl rayon Tatar kənd tam orta məktəbində Şuşa ili və Xurşudbanu Natəvanın 190 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Sonra Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şuşanın tarixinə, mədəniyyətinə həsr olunmuş tədbirdə öncə məktəbin "Coğrafiya" fənn müəllimi Şahbalayeva Aygün Şuşa şəhərinin coğrafi mövqeyi, relyefi, təbiəti haqqında məlumat verib: "Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələri tərəfindən işğal olunub. Şuşa şəhəri Qarabağ müharibəsinin gedişində hərbi əməliyyatlar zamanı qismən dağıdılıb". Həmin məktəbin tarix müəllimi Ramizov Vusal Şuşa şəhərinin tarixi abidələri, dövlət xadimləri haqqında geniş məruzə edib. Məktəbin hərbi rəhbəri, baş leytenant Gəray Əbilov tarixə qəhrəmanlıq dastanı kimi yazılmış Şuşa döyuşləri və qəhrəmanları haqqında tədbir iştirakçılarına məlumat verib. Məktəbin müəllimi Əfsanə Fətəliyeva Şuşadan gətirilmiş xaribülbülü sagirdlərə əyani vəsait kimi göstərərək gülün bioloji quruluşu, onunla bağlı yaranan əfsanələrdən söz açıb.
Tədbirin ədəbi-bədii hissəsi məktəbin "Azərbaycan dili və ədəbiyyat müəllimi" Həsənaliyeva Zərəfşanın təşkilatçılığı ilə şagirdlərin ifasında hazırlanan səhnəcik, mahnı və rəqslərlə davam edib.
9-cu sinif şagirdlərinin ifasında "Aleksandr Dümanın Xurşudbanu Natəvanla görüşü" və Ana dili ilə bağlı səhnəcikdə vətənpərvərlik hissləri aşılanıb.
8-ci sinif şagirlərinin ifasında vətənpərvərlik şeirləri səsləndirilib.Tədbirdə qonaq qismində Saatlı rayon musiqi məktəbinin müəllimi Sərhəd Muradov iştirak edib.Şagirdlər Xurşudbanu Natəvan yaradıcılığından "Qərənfil", "Bənövşə", " Yenə yarəb nə qəmgindir mənim bu şad olan könlümü?" adlı qəzəlləri tarın müşayiəti ilə ifa ediblər.Sonda 7-ci sinif şagirdləri vətənpərvərlik mövzusunda bəstələnmiş "Yaşa, mənim xalqım" adli musiqi ilə tədbirə yekun vurublar.Sonda məktəbin direktoru Əfsanə İbrahimova Şuşanın əhəmiyyəti, zəfərimizdəki rolu haqqında məlumat verib: "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirib". Sonda direktor tədbir iştirakçılarına təşəkkür edib.





