
BAKI-XEBERTV.AZ
“İcra başçılarının bütün mülkləri əlindən alınıb, dövlətin hesabına keçməlidir”
“Həbs edilən icra başçılarının ailələrinə bir ev saxlamaqla bütün mülkləri əlindən alınıb dövlətin hesabına keçməlidir. Bu pulları isə iqtisadiyyata, kənd təsərrüfatına, təhsil sahəsinə yönəltmək lazımdır”
Bunu Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisi korrupsiyaya qarşı aparılan mübarizənin sonuna qədər davam etdirilməsinin vacibliyini vurğulayıb:
“Korrupsiyayla mübarizəyə çox yaxşı başlayıblar, amma məni düşündürən odur ki, görəsən, bunun axırına kimi gedə biləcəyikmi?! Bizə bax o güc lazımdır. Həbs edilən icra başçılarının ailələrinə bir ev saxlamaqla bütün mülkləri əlindən alınıb dövlətin hesabına keçməlidir. Bu pulları isə iqtisadiyyata, kənd təsərrüfatına, təhsil sahəsinə yönəltmək lazımdır. Onların mülklərinin müsadirə edilməsi onlar üçün həbsdən ağırdır. Hər bir məmur aldığı bahalı avtomobilə və villaya görə hökumətə hesabat verməlidir. Onların xarici banklarda olan pulları da ölkəyə qaytarılmalıdır. Belə olsa, onda o qədər də saxtakarlıq edə bilməzlər. Dövlət Təhlükəsizliyi Xidməti çox uğurlu addımlar atır və burda sözsüz ki, ən böyük rol prezidentindir, çünki göstərişi o verir. Korrupsiyayla sonuna qədər mübarizə aparmaq üçün qanunların işləməsi vacibdir. Fəhlədən tutmuş nazirə kimi hamı qanuna tabe olmalıdır. Bizə lazımdır ki, ölkədə normal yaşayış, məhkəmə olsun, nahaqdan heç kim həbs edilməsin. Azərbaycan dövlətini qonşu dövlətlərlə müqayisə etsək, hər şeydə zəngin bizik. Millət görsə ki, bu cür addımlar atılır, onda Qarabağı da azad edərik”.