• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

Rusiya ilə Qərb arasında sıxışan Ermənistan - ŞƏRH


 

BAKI-XEBERTV.AZ

Ermənistanın baş naziri Nikol Paşinyan uzun müddət Rusiyanın vasitəçiliyi ilə keçirilən bütün görüşlərdən yayınırdı. Sonradan “çox naz aşiq usandırar” fikrinə əməl edən erməni hökumətinin başçısı deyəsən Moskva ilə münasibətləri pozmaq fikrindən peşman olub və onları bərpa etmək qərarına gəlib. Bu səbəbdən də Paşinyanın Sankt-Peterburqa səfərinə bu səpkidən yanaşmaq lazımdır. Ermənistanın hökumət başçısının bu addımı Rusiya ilə gərginliyi yumşaltmaq, buzları əritmək və təmsil etdiyi dövlətin iqtisadiyyatına müəyyən töhfə vermək kimi qiymətləndirilib. Səfər rəsmi Kreml tərəfindən Paşinyan-Putin təması üçün yaxşı fürsət hesab edilir, çünki Rusiya siyasi elitasının erməni baş nazirə müəyyən ciddi sualları var və alınan cavablar növbəti addımları müəyyənləşdirəcək.

Amma Paşinyanın Rusiyaya səfəri Qərbin də diqqətindən yayınmayıb. Moskvanın təşkil etdiyi tədbirdə Ermənistanın təmsil olunması uzun fasilədən sonra iki dövlətin yaxınlaşması kimi qəbul edildiyi üçün Qərb dairələri hərəkətə keçib. Təsadüfi deyil ki, səfərlə paralel vaxtda NATO-nun Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolominanın Gürcüstanın “Birinci Kanalı”na müsahibəsində “Ermənistan çox açıq şəkildə Rusiyadan uzaqlaşmaq qərarına gəlib. Biz bunu təşviq edirik. Ermənilər qərar qəbul etməkdə sərbəstdirlər. Düşünürəm ki, onlar seçim ediblər və artıq bizə yaxınlaşmağa, daha sıx əməkdaşlıq, çoxsaylı siyasi dialoq, NATO-nun daha fəal iştirakı üçün müraciət etməyə başlayıblar” fikrini səsləndirməsi heç də təsadüfi deyil.

NATO rəsmisinin bu açıqlaması həm Ermənistana, həm də Rusiyaya üstüörtülü mesajdır. Qərb diplomatı rəsmi İrəvana ehyam vurub ki, bu tədbirdə iştirak etmək heç də Rusiya ilə yaxınlaşmaq anlamına gəlməməlidi. Nikol Paşinyan Avropa qarşısında Kremldən uzaqlaşmaq, xarici siyasət vektorunu dəyişmək barədə öhdəlik götürüb və bu öhdəliyə sadiq qalmalıdır. Mesajın ikinci hissəsi isə Moskvaya ünvanlanıb. Avropa diplomatının dili ilə bildirir ki, ermənilər bu qərarı sərbəst qəbul etsələr də, diqtə Qərbdən gəlib. Bunu açıq-aşkar bildirməkdən çəkinmirlər. Eyni zamanda uzun müddətdir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətləri getdikcə pisləşən rəsmi İrəvan artıq NATO-ya müraciət edir. Bununla da erməni dövlətinin Rusiyanın rəhbəri olduğu hərbi alyansı yaxın vaxtlarda tərk edəcəyi, qərbyönümlü alyanslara qoşulmaq həvəsində olduğu Rusiya siyası elitasının diqqətinə çatdırılıb.

Şübhəsiz ki, İrəvanın bu hərəkətləri Kremlin gözündən yayınmayacaq və Moskva Avropa və NATO strukturlarının bu ölkənin xarici sferasında fəal iştirakına imkan verməyəcək. Qərbin yeganə niyyətinin ölkələrin siyasi-ictimai işlərinə müdaxilə, Rusiyanın sərhədləri yaxınlığında kritik nöqtə yaratmaq və ölkəni zəiflətmək olduğunu Moskva çoxdan bilir. Bu səbəbdən də Sankt-Peterburq görüşündə Nikol Paşinyana əməlli dərs veriləcəyini düşünmək olar.

Son bir ildə Avropa illuziyalarına qapılan baş nazir hökumətə bağlı medianın və qərbyönümlü dəstənin köməyi ilə aldatma oyununa başlayıb. İrəvanla Moskva arasında dərin və mədəni iqtisadi əlaqələri məhv etmək, digər tərəfdən qərbyönümlü planların sosial və siyasi nəticələrini Kremlin çiyninə yükləmək üçün hərəkətə keçilib. Rusiya ilə məsafə yaratmaqla hakim partiya erməni ictimai rəyini qızışdırmaq, anti-Rusiya əhval-ruhiyyəsini körkülməklə işi bitmiş hesab etdilər. Kremli Qafqazdan çıxarmaq üçün ilk addım olaraq, Ermənistan və Azərbaycan arasındakı şərti sərhəd xəttinə Avropa İttifaqının müşahidəçiləri cəlb edildi. Rusiya hökumətinin dəfələrlə tənqidinə və təhdidinə baxmayaraq, getdikcə müşahidəçi sayı artırıldı.

Qeyd etmək yerinə düşər ki, Qərb diplomatları Ermənistana anti-Rusiya sanksiyalarına qoşulmağı məsləhət görür. Aydın məsələdir ki, Avropa bu işdə öz maraqlarını güdür və regionda marionet dövlətə çevrilmiş erməni dövlətçiliyinin tənənzzülü, iqtisadiyyatının çöküşü perspektivi Qərbi qətiyyən narahat etmir. Yeri gəlmişkən, bir neçə gün əvvəl rəsmi İrəvan 2024-cü ildə də Rusiyadan güzəştli qiymətə qaz almağa davam edəcəyini bildirib. Bu isə dünya bazarı qiymətindən çox aşağı, yəni 1000 kubmetr üçün 165 dollardır. Müqayisə üçün deyək ki, İran öz qazını 400 dollara təklif edir. Əgər Paşinyan komandası anti-Rusiya sanksiyalarına qoşulub Rusiya qazını İran qazı ilə əvəz etməyə ümid edirsə, acı sonluğa hazır olmalıdır. Çünki belə bir qərar bütün sektorlara ciddi təsir edəcək. Nəzərə almaq lazımdır ki, Ermənistanda istehlak olunan elektrik enerjisinin 35 faizi Rusiya qazı ilə işləyən İES-lərdə istehsal olunur. Başqa sözlə, qiymət artımı bütün erməni iqtisadiyyatına fəlakətli şəkildə yayılacaq və bütün məhsulların qiymətinin kəskin artımı ilə nəticələnəcək. Rəqəmlərlə danışsaq, bu sanksiyalara qoşulma halında erməni hökuməti təkcə qaz təchizatına əlavə olaraq 360 milyon dollar xərcləməli olacaq. Büdcə kəsiri və xarici dövlət borcu ildən-ilə artan Ermənistan üçün isə bu, kifayət qədər ciddi rəqəmdir.

Bundan əlavə, anti-Rusiya sanksiyalarına qoşulmaq Ermənistanın can verən iqtisadiyyatının tam çöküşü ilə nəticələnə bilər. Amma bununla belə, rəsmi İrəvanın Qərbdəki ağaları ciddi-cəhdlə Paşinyan hökumətindən belə bir addım atmağı tələb edirlər. Təsadüfi deyil ki, bu komanda və əmrlərin artdığı bir vaxtda baş nazir Sankt-Peterburqa səfər edib. Burada da onu qeyri-rəsmi və gizli görüşlərdə ciddi sürprizlər və qulaqburmaları gözləyir.

Bütün bunlar sübut edir ki, hazırda Paşinyan hökuməti Rusiya ilə Qərbin arasında sıxışıb qalıb. Buna görə də baş nazirin bu iki gün ərzində Sankt-Peterburqda hansı cavabları verəcəyi, nələrə razılaşacağı bir müddət sonra məlum olacaq. İki stulda əyləşmək arzusu Nikola baha başa gəlir. Onun bu məngənədən necə çıxacağı, hansı qərarı verəcəyi təmsil etdiyi dövlətin gələcəyini müəyyənləşdirəcək.

“Report” İnformasiya Agentliyi




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →